XƏBƏRLƏR
MƏLUMAT
Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
19/03/2024 09:12

Martın 18-də Beynəlxalq Muğam Mərkəzində unudulmaz bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, yubiley gecəsində bəstəkarın ömür yoluna nəzər salınıb. Çıxışlarda qeyd olunub ki, 1924-cü ildə Şəkidə ziyalı ailəsində anadan olan Şəfiqə Axundova elə uşaqlıqdan musiqiyə maraq göstərib. Anasının böyük dəstəyi ilə musiqi təhsili alan Şəfiqə Axundova Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. Operaları, musiqiləri yalnız Azərbaycanda deyil, bütün dünyada ona şöhrət gətirib. Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli Şəfiqə Axundova 2013-cü ildə Bakıda vəfat edib.

Sonra bəstəkara həsr olunan videoçarx nümayiş etdirilib.

Rövşən Qurbanovun rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzinin instrumental qrupu yubiley konsertini müşayiət edib.

Xalq artistləri Teyyub Aslanov, Gülyaz Məmmədova, Əməkdar artistlər Zakir Əliyev, Təhmiraz Şirinov, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, İlkin Əhmədov, Gülüstan Əliyeva, Nüşabə Ələsgərli, Arzu Əliyeva, müğənnilər Rəvanə Qurbanova, İlahə Rüstəmova, Sərxan Bünyadzadə, Orxan Hüseynov və Ramazan Şərifzadə Şəfiqə Axundovanın bəstələrini səsləndiriblər.

Tədbirdə tanınmış ziyalılar, bəstəkarın ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rəngarəng keçən konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Baxış sayı: 207