XƏBƏRLƏR
MƏLUMAT
Ümumdünya Dialoq və İnkişaf Uğrunda Mədəni Müxtəliflik Günü
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2019 09:04

Hər il mayın 21-də Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü qeyd olunur. Bu gün BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilib. Dünya Mədəniyyətinin İnkişafı Gününü əvəzləyən Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü ilk dəfə 2003-cü il mayın 21-də keçirilib.

2003-cü ildə BMT Baş Məclisi qeyri-maddi mədəni irsin: bayramların, ənənələrin, adətlərin və dillərin qorunması haqqında Konvensiya qəbul edib.

 Hazırda dünya mədəniyyətini çox müxtəlif amillər təhdid edir - bir halda milli özünəməxsusluğun həddən artıq qorunması müxtəlif azlıqların mədəniyyətləri üçün təhlükə yaradır, digər halda din mədəniyyətə təzyiq göstərir, üçüncü halda praktik olaraq dünyanın bütün ölkələrində qloballaşmanın təsiri altında dillər yox olur, ənənələr itirilir, zəif mədəniyyətlər kənarda qalır, bəlkə də tamamilə yox olur. Bütün bu faktların nəzərə alınması və onların əhəmiyyətinin dərk edilməsi 2001-ci ildə UNESCO-nun “Mədəniyyətlərin müxtəlifliyinə dair” Bəyannaməsinin qəbul olunmasını zəruri edib.

YUNESKO-ya üzv olan dövlətlər bu qurumun Bəyannaməsini təsdiqləməklə mədəni müxtəlifliklə əlaqədar dəyərlərin tanınmasını, qorunmasını və yerli, milli və beynəlxalq səviyyədə fəal təbliğ olunmasını öhdələrinə götürüblər. Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Gününün əsas məqsədi insanlara mədəni müxtəlifliyin əhəmiyyətini və dəyərini dərindən dərk etməyə imkan vermək və dünya xalqları arasında əməkdaşlığı inkişaf etdirməyi öyrənməkdir.

2013-cü ildə ənənəvi Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü çərçivəsində UNESCO və BMT Sivilizasiyalar Alyansı “Bir iş gör” şüarı altında müxtəliflik və iştirak uğrunda hərəkatı dəstəkləyən kampaniyaya start verib.

Bütün dünyada insanları və təşkilatları müxtəlifliyin dəstəklənməsi üzrə konkret tədbirlər görməyə vadar edən bu kampaniya həm də mədəniyyətlərarası dialoqun, müxtəlifliyin və inteqrasiyanın vacibliyi barəsində məlumatlılığın qlobal səviyyəsinin artırılması, real və gündəlik həyatda müxtəlifliyi dəstəkləməyə çalışan insanların dünya cəmiyyətinin formalaşdırılması məqsədi daşıyır.

Dünya cəmiyyəti, bununla mədəni müxtəlifliyin inkişafına töhfələr verməklə, mədəni irsin qorunması, müxtəlif mədəniyyətlərin nümayəndələri arasında münasibətlərin qurulması vacibliyini həmişə yadda saxlamalıdır.

Baxış sayı: 13871