XƏBƏRLƏR
MƏLUMAT
Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin 535 illiyi ilə əlaqədar videoməlumat hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
18/07/2022 02:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin 535 illiyi ilə əlaqədar videoməlumat hazırlayıb.

Videoməlumatda bildirilib ki, Şah İsmayıl Xətai qılıncı və qələmi ilə Azərbaycan tarixində dərin iz qoyan böyük şəxsiyyətdir. O, vahid Azərbaycan dövlətinin əsasını qoyub və Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldıraraq lirik və epik növlərdə gözəl əsərlər yaradan hökmdar-şair olub.

Şah İsmayıl Xətai 1487-ci ildə Ərdəbildə məşhur təriqət başçısı Şeyx Səfiəddinin nəslindən olan Şeyx Heydərin ailəsində dünyaya göz açıb. Ana babası Ağqoyunlular dövlətinin hökmdarı Uzun Həsən olub. Babası öləndən sonra Ağqoyunlu şahzadələri arasında hakimiyyət uğrunda savaş başlayıb. Atası Şeyx Heydər Şirvanşahlarla müharibədə öldürüləndən sonra anası Aləmşahbəyim və qardaşları ilə birlikdə İstəxr qalasına salınıb. İsmayıl həbsxanadan azad olunandan sonra Lahicanda görkəmli alim Şəmsəddin Lahicidən ərəb, fars dillərini öyrənib, müxtəlif elmlərə yiyələnib.

Hələ uşaq ikən saray çəkişmələri nəticəsində ailəsini itirən İsmayılın at çapmaqda, qılınc oynatmaqda, igidlikdə, məclislərdə söz deməkdə, sərkərdə kimi tayı-bərabəri olmayıb. O, hakimiyyət uğrunda mübarizəyə kiçik yaşlarında başlayıb, atasından və qardaşı Sultanəlidən sonra qızılbaşlar hərəkatına (başlarına 12 zolaqlı qırmızı çalma qoyduqları üçün onları qızılbaşlar adlandırırdılar) başçılıq edib. 1499-cü ilin avqustunda Lahicandan Ərdəbilə yola düşəndə cəmi 12 yaşı olub. Şərurda Ağqoyunlu hökmdarı Əlvənd Mirzəni məğlubiyyətə uğradandan sonra Təbrizdə özünü şah elan edib. Azərbaycan Səfəvilər Dövlətinin əsası belə qoyulub.

Şah İsmayıl hərbi yürüşlərini uğurla davam etdirib. Azərbaycan dövlətinin sərhədlərini xeyli genişləndirib. Lakin qüdrətləndikcə, Osmanlı İmperiyası ilə münasibətləri kəskinləşib. İki türk dövləti arasında yaranan gərginlik 1514-cü ilin avqustunda Çaldıran düzündə qanlı döyüşlə nəticələnib. Şah İsmayıl məğlubiyyətin acısını ilk dəfə Çaldıranda dadıb.

Deyilənə görə, Şah İsmayıl öz məğlubiyyətindən qəzəblənərək qılıncını zərblə topun lüləsinə çırpır, zərbədən lülə qopub yerə düşüb. Bunu eşidən Sultan Səlim həmin qılıncı tapır. Qaldırıb var gücü ilə topun lüləsinə vurur. Lülə yerindən tərpənmir. Sultan bunun həmin qılınc olmadığını söyləyir. Bunu eşidən İsmayıl “Qılınc həmin qılıncdır, əfsus ki, qol həmin qol deyil”,-deyir.

Bu məğlubiyyətdən sonra Şah İsmayıl hərbi yürüşlərini dayandırır, ömrünün qalan hissəsini mədəniyyətin inkişafına, ölkənin abadlığına həsr edir.

Şah İsmayıl Xətai bədii yaradıcılığa yeniyetməlik dövründə başlayıb. Əsərlərinin çoxunu ana dilimizdə yazıb. O, “Dəhnamə” poemasını, “Nəsihətnamə” məsnəvisini qələmə alıb. “Divan”ına əruz vəznində yazılan qəzəllərlə bərabər, ilk dəfə heca vəzni nümunələri-qoşma, gəraylı və bayatılar daxil edib. Şair Xətainin şeirlərində Azərbaycan dilinin şirinliyi, gözəlliyi çox qabarıq hiss olunur.

Şair ruhlu qüdrətli hökmdar 1524-cü ildə 37 yaşında vəfat edib.

Videoməlumatı aşağıdakı keçidə daxil olaraq izləyə bilərsiniz:

https://www.instagram.com/tv/CgGfAAIIA2o/?igshid=YmMyMTA2M2Y=

Baxış sayı: 538