Sabunçu rayon MKS-nin 2 saylı filialı “Şeirə sığmayan ömür” adlı söhbət keçirib

Mayın 13–də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 2 saylı filialı şair Hikmət Ziyanın 90 illiyi münasibəti ilə fəal oxucularla birlikdə “Şeirə sığmayan ömür” adlı söhbət keçirib.

İlk olaraq söhbəti filialın müdiri T.İsmayılova açaraq oxucuları məlumatlandırıb. Bildirib ki, ədəbiyyat aləmində tanınmış söz ustaları çox olub. Onlar xatırlanarkən ilk yada düşən qələm sahiblərindən biri də Hikmət Ziyadır. Əməkdar incəsənət xadimi, tanınmış şair, təmsil ustası, tərcüməçi, publisist, dramaturq Hikmət Ziya təmsili ədəbiyyatımızda kamil dərəcəyə çatdırmış ilk sənətkar olaraq, özündən sonra zəngin ədəbi irs qoyub gedib.

Hikmət Ziyanın ustalığı, bədii fikrinin yeniliyi və kamilliyi ondadır ki, heç kəsi təkrar etmir, həyatdan aldığı mövzuları özünəməxsus üsullarla və obrazlı ifadələrlə canlandırır. Onun dövrün tələbi ilə səsləşən ictimai-siyasi məzmunlu şeirləri, sevgi duyğularını əks etdirən lirik nəğmələri, dərin məzmunlu təmsilləri, nəsr əsərləri, tərcümələri özündən sonra xalqımıza yadigar qalıb.

Sonra oxucular şairin şeir və təmsillərini söyləyiblər.