XƏBƏRLƏR
MƏLUMAT
Ramana qalası - möhtəşəm abidə
ÜMÜMİ XƏBƏRLƏR
24/10/2022 00:40

Hündür qayanın üstündə tikilmiş bu möhtəşəm abidə bütün ətraf kəndlərdən görünür. Ağ daşdan tikilən qalanın dəqiq tikilmə vaxtı bəlli deyil. Qalanın kitabəsi saxlanılmamışdır, lakin quruluşu və plan xüsusiyyətinə görə tədqiqatçılar onu XIV yüzillikdə tikildiyini ehtimal edirlər.

Güman ki, qala müdafiə məqsədi ilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub. Abşeronun digər analoji tikintilərinə xas olan üslublar əsasında inşa edilmişdir, lakin başqa qalalardan fərqli olaraq, bu qalanın həyəti və divarları planda uzunsov dördbucaqlıdır. Qala divarının tinlərində və şərqə baxan tərəfində, divarların ortasında qüllələr vardır. Qapısı qərb divarda olub portal şəklindədir. Düzbucaqlı qüllə şaquli xətt üzrə dörd yarusa bölünərək, bunlardan birincisi və axırıncısı daş qübbə ilə, aralıqda olan ikisi isə ağac materialla örtülmüşdür. Bunlar hazırda yoxdur. Mərtəbələr arasında dolama pilləkənlər vardır. Qəsrin divarlarla birlikdə uzun tərəfinin ölçüsü 30 metrə yaxın, qısa tərəfi isə 20 metrdir. Divarların hündürlüyü 7,8, mərkəzi qüllənin hündürlüyü isə 18 metrdir.

Qala divarlarına qalxmaq üçün divarın sol tərəfində iki pilləkən var. Onlardan biri ilə, burma daş pilləkən vasitəsilə divarın içərisindən yuxarıya, təxminən yarım metr çölə tərəf tikilən dəhlizə qalxmaq mümkündür. Digər daş pilləkən isə qalanın həyətindən yuxarıya tərəf qalxır. Bu pilləkənlər vasitəsilə qala divarlarına qalxıb kəndi seyr etmək mümkündür. Ramana qalasından “Koroğlu”, “Nəsimi” və “Babək” filmlərinin çəkilişində istifadə olunub. Və elə qala sonuncu dəfə bu filmlərdən birinin, “Koroğlu”nun çəkilişi zamanı, 1956-cı ildə bərpa olunub. O zaman qala dağınıq vəziyyətdə olub. Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər.

Bu tarixi abidə “Xəzər sahili mühafizə konstruksiyaları” daxilində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdir.

Baxış sayı: 981