XƏBƏRLƏR
MƏLUMAT
Qara Qarayev adına Mərkəzi incəsənət məktəbi 28 May Respublika Gününə həsr olunmuş hesabat konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 09:58

Mayın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Mərkəzi incəsənət məktəbinin 28 May Respublika Gününə həsr olunmuş hesabat konserti keçirilib.

Öncə musiqişünas Nərgiz Kərimova  giriş sözü ilə çıxış edərək  Q.Qarayev adına Mərkəzi incəsənət məktəbinin istedadlı şagirdlərinin müsabiqələrdə yüksək yerlərə layiq görülmələrindən, bir çox uğur və nailiyyətlərdən danışıb.

Müsabiqə və festivallarda yüksək yerlərə layiq görülmüş şagirdlərin Respublikanın Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi və Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiətilə ifa etdikləri əsərlər qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Proqrama Y.Haydn, V.Motsart, F.Mendelson, Y.Sibelius,S. Raxmaninov, Herbert L. Klark, H. Xanməmmədov, T. Bakıxanovun yüksək peşəkarlıq tələb edən əsərləri daxil edilib.

Musiqi ocağının  istedadlı şagirdi və Prezident təqaüdçüsü  Zərrin Əliyeva (violin), respublika və beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyeva (fortepiano) Q. Qarayev adına Mərkəzi incəsənət məktəbinin kollektivi adından sonuncu dəfə çıxış edib. Gənc pianoçular: Aylin Babayeva, Səyyarə Əliyeva, Münəvvər Alıyeva, Nigar Rəhimova (vokal), Mehriban Quliyeva (qanun), Əlipaşa Şahgəldiyev (trompet),  Kənan Namazovun (tar) böyük səhnədə çıxışları rəğbətlə dinlənilib.

Tədbir  zamanı Q.Qarayev adına  Mərkəzi incəsənət məktəbinin 2018-2019-ci tədris ilinin uğurla başa vurmasını, bir çox uğur və nailiyyətlərini əks etdirən foto-slayd nümayiş  etdirilib.

Baxış sayı: 44914