XƏBƏRLƏR
MƏLUMAT
Özbəkistanda Novruz bayramına həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/03/2024 15:45

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblı bayram tonqalının ətrafında xalq rəqsimiz “Yallı”nı ifa ediblər.

Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qonaqları Novruz bayramı münasibətilə təbrik edərək deyib: “Novruz bayramı Azərbaycanın təşəbbüsü ilə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Azərbaycan xalqının mədəniyyət abidəsi kimi formalaşan bu bayram öz əlamətdar xüsusiyyətlərinə görə fərqlənir. Milli dəyərləri, yaşam tərzini, mədəniyyət və sənətimizi özündə əks etdirən Novruz bayramı hər il yüksək səviyyədə keçirilir. Ümummilli Lider Heydər Əliyev adət-ənənələrə, o cümlədən Novruz bayramına hər zaman xüsusi önəm verib. Həmçinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunması və inkişafı siyasəti uğurla həyata keçirilir”.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistan Ali Məclisinin deputatı Gülbaxor Saiddqaniyeva çıxışlarında ortaq tarix, mənəvi köklər, dəyərlər və zəngin mədəniyyətin təcəssüm etdiyi Novruz bayramını xalqlarımızın yaxınlığının da göstəricisi olduğunu qeyd ediblər.

Sonra Novruz ilə əlaqədar videomaterial nümayiş olunub.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində “Kaykeb Əliyeva adına rəqs ansamblı” çıxış edib, Rəna Əzizova, Olima Mahmudova və saz ustası İlham Abdullayevin ifasında Azərbaycan və özbək mahnıları səsləndirilib.

Baxış sayı: 228