XƏBƏRLƏR
MƏLUMAT
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
ÜMÜMİ XƏBƏRLƏR
29/03/2024 09:26

Martın 28-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində tanınmış violin ifaçısı, Əməkdar artist Arif Manaflı ilə görüş və “Sənətin Arifi” kitabının təqdimat mərasimi keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb, iştirakçıları salamlayıb.

Muzeyin şöbə müdiri Xanım Abdinova Arif Manaflının həyat və yaradıcılıq yolu haqqında çıxış edib. Onun çıxışı Arif Manaflının yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.

Görüşdə bəstəkar, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, F.Əmirov adına 11 illik İncəsənət Məktəbinin direktoru, Əməkdar müəllim Adilə Yusifova, bəstəkar, Xalq artisti, Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov, bəstəkar, Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşov, bəstəkar, professor, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov, Azərbaycan Milli Konservatoriyasının professoru, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəttah Xalıqzadə çıxış edərək, Arif Manaflı haqqında ürək sözlərini səsləndiriblər.

Tədbirdə Arif Manaflının Azərbaycan və Türkiyə musiqi mədəniyyətinin inkişafındakı roluna, həyat yoluna, yaradıcılıq portretinə nəzər salınıb, onun qardaş Türkiyədə Azərbaycan bəstəkarları ilə yanaşı, xalq musiqisi nümunələrinin də təbliğindəki rolundan söhbət açılıb.

Muzeyin direktoru Alla Bayramova Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəşrləri olan not kitablarını Arif Manaflıya hədiyyə edib.

Arif Manaflı da öz növbəsində yaradıcılığını əks etdirən afişaları, ifaları olan CD disklərini, fotoşəkillərini muzeyə bağışlayıb.

Daha sonra Arif Manaflı tədbir iştirakçılarının suallarını cavablandırıb, Azərbaycan bəstəkarları ilə yaradıcılıq əlaqələri haqqında danışıb, Maestro Niyazi haqqında xatirələrini bölüşüb.

Görüşdə, həmçinin kitabın müəllifi, musiqişünas, Azərbaycan Milli Konservatoriyasının baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fazilə Nəbiyeva da çıxış edib.

Arif Manaflının virtuoz musiqi ifalarından ibarət videoyazılar nümayiş olunub, F.Əmirov adına 11 illik İncəsənət Məktəbinin şagirdlərinin ifalarında musiqi proqramı səslənib.

 

Baxış sayı: 131