XƏBƏRLƏR
MƏLUMAT
Məktəb-studiyanın şagirdləri aktyor qismində
ÜMÜMİ XƏBƏRLƏR
14/03/2024 17:05

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) İxtisas musiqi məktəb-studiyası yenilikçi ənənələrini davam etdirir. BMA-nın nəzdindəki Opera studiyasında Gennadi Qladkovun musiqisinə yazılmış “Bremen musiqiçiləri” musiqili teatr tamaşası uğurla səhnələşdirilib.

BMA-dan AZƏRTAC-a bildirilib ki, daim yaradıcı fikirlərlə ön sıralarda qərarlaşan məktəb-studiya bu dəfə də fərqlilik göstərərək “Bremen musiqiçiləri” musiqili tamaşasını ölkəmizdə ilk dəfə Azərbaycan dilində tamaşaçılara təqdim edib. Bu təşəbbüs əcnəbi xalqların mədəniyyətinin öyrənilməsinə, tamaşaçı auditoriyasının genişləndirilməsinə, təkcə rusdilli deyil, eyni zamanda, doğma dilimizdə təhsil alan uşaqların müxtəlif ölkələrin musiqisi ilə tanış olmasına böyük imkanlar yaradır.

Xüsusilə vurğulanmalıdır ki, Azərbaycanda Uşaq opera teatrı layihəsinin təşəbbüskarı BMA-nın İxtisas musiqi məktəb-studiyasının yaradıcısı və uzun illər bu müəssisəyə rəhbərlik etmiş professor Tərlan Seyidov olub. Bu gün də həmin opera teatrı Tərlan müəllimin adını daşıyır.

“Bremen musiqiçiləri” tamaşasının ərsəyə gəlməsində teatrın bədii rəhbəri – BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru dosent Sevda Məmmədovanın, quruluşçu rejissor Məzahir Həşimovun, musiqi rəhbəri Ofeliya Axundova və rus mətninin Azərbaycan dilinə tərcüməçisi Aytən Oqtayqızının böyük rolu olub. Tamaşanın “baş qəhrəmanlarını” – məktəb-studiyanın şagird heyətindən ibarət aktyor komandasını ayrıca qeyd etmək lazımdır. Bir-birindən istedadlı və yüksək potensiala malik uşaqlar musiqili əsərin sehrinə qapılaraq olduqca maraqlı iş təqdim ediblər.

Məktəb-studiyanın böyük elmi işçisi Şəfəq Hacıyeva bildirib: “Uşaqlar tamaşanın hazırlanması dövründə yetərincə mürəkkəb və güc tələb edən, bəzən də yorucu məşq proseslərində iştirak edirdilər. Lakin buna baxmayaraq, onlar bu yaradıcı işə həvəslə və məsuliyyətlə yanaşırdılar. Müxtəlif obrazları məharətlə canlandırmaq, səhnə davranışı qaydalarını ustalıqla yerinə yetirməklə musiqi nömrələrini əyləncəli, gülüş doğuran şəkildə tamaşaçıya ötürən kiçikyaşlı aktyorlar tamaşaçının zövqünü oxşamağa nail oldular. Əlvan kostyumlar, rəngarəng dekorasiya və işıq effektləri də səhnənin ecazkarlığını artırdı. Yaradıcı iş üçün tələb olunan bütün bu məqamlar “Bremen musiqiçiləri”ndə öz əksini tapdı və tandem yaratdı. Tamaşanın premyerası həm uşaqlar, həm də onların valideynləri və müəllimləri üçün bir bayrama çevrildi”.

Baxış sayı: 131