XƏBƏRLƏR
MƏLUMAT
“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/03/2024 14:19

Xəzər Rayon İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz şənliyi keçirilib.

Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə xalqımızın mədəni irsini özündə əks etdirən Novruzun çoxəsrlik ənənələri, mətbəxi və məişətinin nümayiş etdirildiyi pavilyonlarla tanış olublar. Daha sonra rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrinin özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələrini, eləcə də idman məktəblərinin çıxışlarını izləyiblər.

Açıq səma altında yerləşən “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində xalçaçılıq, dulusçuluq kimi qədim sənət nümunələri də təqdim edilib. Azərbaycan Milli İdman Növləri Assosiasiyasının təqdimatında göstərilən milli güləş, zorxana, mas-reslinq, ənənəvi oxatma və alpaqut kimi etno idman növləri iştirakçıların böyük marağına səbəb olub. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Peşə Təhsili Mərkəzinin tələbələri qonaqlar üçün müxtəlif sənətkarlıq nümunələrini sərgiləyiblər.

Tədbir mədəniyyət və incəsənət ustalarının iştirakı ilə keçirilən konsert proqramı ilə davam edib.

Baxış sayı: 190