XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib
ÜMÜMİ XƏBƏRLƏR
29/03/2024 12:19

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibətilə tədbir təşkil edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə görkəmli dramaturqun həyat və yaradıcılığı haqqında geniş söhbət açılıb.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyan Respublika Gənclər Kitabxanasında Azərbaycan mədəniyyətinin, ədəbiyyatının görkəmli nümayəndələrinə həsr edilən tədbirlərin keçirilməsi zəruriyyətini vurğulayaraq, kitabxananın görkəmli dramaturqun yubileyi ilə əlaqədar həyat keçirdiyi tədbirlər – kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazası, biblioqrafiya, ənənəvi və virtual kitab sərgiləri, videomaterial haqqında geniş məlumat verdi.

Professor Asif Rüstəmli Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələr haqqında danışaraq, görkəmli dramaturqun xatirəsinin onun ev muzeylərində və Gənclər Kitabxanasında yaşandığını söyləyib.

Professor Tahirə Məmməd Cəfər Cabbarlının XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olduğunu, daim yenilik və müasirlik uğrunda mübarizə apardığını, heç bir halda əqidəsindən, amalından dönmədiyini bildirib.

Professor İsmayıl Məmmədov Cəfər Cabbarlının bədii, publisistik yaradıcılığının çoxşaxəli, mövzu etibarilə rəngarəng, əhatəli və dərin məzmunlu olduğunu deyib. O, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin əməkdaşları tərəfindən hazırlanan “Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti” kitabı haqqında məlumat verib, lüğətdə verilən hər bir sözün dramaturqun dilində əks etdiyi mənaların doğma dilimizin ifadə imkanlarını daha da genişləndirmək baxımından dəyərli olduğunu söyləyib.

Cəfər Cabbarlı adına ev-muzeyinin rəhbəri Qəmər Seyfəddinqızı Cəfər Cabbarlının 125 illik yubileyi çərçivəsində keçirilməsi nəzərdə tutulan yerli və beynəlxalq tədbirlər, layihələr, səhnələşdiriləcək tamaşalar haqqında məlumat verərək, “Cəfər Cabbarlı mükafatı”nın verilməsinin bu ildən bərpa olunacağını qeyd edib.

Tədbirdə Bakı Dövlət Universitetinin “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbələrinin Cəfər Cabbarlının şeirlərindən ibarət kompozisiyası və kitabxana əməkdaşları tərəfindən hazırlanan “Varlığında bir dünya çırpınan sənətkar” adlı videomaterial nümayiş etdirilib.

Baxış sayı: 137