XƏBƏRLƏR
MƏLUMAT
Beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Toğrul Hüseynli #senetinledestekle layihəsi çərçivəsində onlayn konsert verəcək
ÜMÜMİ XƏBƏRLƏR
25/06/2020 02:48

İyunun 27-si saat 21.00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin #senetinledestekle layihəsi çərçivəsində Almaniyanın Köln şəhərində yaşayıb-yaradan həmyerlimiz, gənc və istedadlı pianoçu Toğrul Hüseynlinin canlı onlayn konserti olacaq.

Toğrul Hüseynli 1994-cü ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarından musiqiyə həvəs göstərən Toğrulu valideynləri 2 yaşında Oqtay Zülfüqarovun “Aysel” Uşaq Teatrına gətirirlər, onun istedadını yüksək qiymətləndirən Xalq artisti Oqtay Zülfüqarov Toğrulu Teatrın solisti seçir. Uşaq yaşlarında vokalla məşğul olan Toğrul bu illər ərzində dəfələrlə konsert proqramlarında çıxışlar edib, azyaşlı olmasına baxmayaraq davamlı olaraq böyük səhnələrdə müvəffəqiyyətlə özünü göstərə bilib.

Fortepiano ilə ilk tanışlığı 4 yaşı olarkən, Bakı Musiqi Akademiyasının nəzdində Pedoqoji hazırlıq kafedrasında olub. Burada iki il ilkin hazırlıq keçən Toğrul, 2000-ci ildə qəbul İmtahanlarını uğurla verərək Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə fortepiano ifaçılığı üzrə qəbul olub. Təhsil illərində bir çox respublika və beynəlxalq müsabiqələrdə çıxışlar edib, laureat adını qazanıb. Toğrulun beynəlxalq təcrübəsi 2011-ci ildə Almaniyanın Köln Ali Musiqi Məktəbinə qəbulu ilə daha da genişlənib. Almaniyada yaşadığı illərdə Toğrul, böyük beynəlxalq müsabiqələrdə çeşidli uğurlara imza atıb. Toğrul 2014, 2015 və 2017-ci illərdə İspaniyada keçirilən Pianoçuların Las Rozas, Ferrol və Granada Beynəlxalq Müsabiqəsində 2-ci dərəcəli mükafata layiq görülərək, ölkəsinin adını Avropa musiqi arenalarında layiqincə təmsil edib.

Toğrul Avropa və Azərbaycan səhnələrində mütəmadi olaraq çıxış edir. Hər il Bakıda M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Solo Konsert proqramı ilə çıxış edən Toğrul, həmçinin Qəbələ şəhərində keçirilən Beynəlxalq Musiqi Festivalındada ifaları ilə tamaşaçıların yaddaşında dərin izlər qoyur.

Avropanın ən məşhur səhnələrindən - Berlin Konzerthaus, Amsterdam  "Concertgebouw" Filarmoniyası, Ştutqart - Liederhalle,  Münhenin Herkulessaal və sair yerlərdə solo və orkestrin müşayiəti ilə çıxışlar edən Toğrul, öz konsert fəaliyyətini uğurlu şəkildə davam etdirir.

Təhsil aldığı Köln Ali Musiqi Məktəbinin bakalvr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirən Toğrul Hüseynli, həmçinin dünyaca məhşur Motsarteum Universitetinin doktorantura pilləsini də əla qiymətlərlə başa vurub. Toğrul Hüseynli 2017-ci ildən təhsil aldığı Köln Ali Musiqi Məktəbində və həmçinin 2019-cu ildən Brühl şəhər Musiqi və İncəsənət Məktəbində dosent vəzifəsində çalışır.

Konsert Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin @bakimedeniyyetidaresirəsmi “instagram” hesabı üzərindən canlı yayımlanacaq.

Baxış sayı: 1181