XƏBƏRLƏR
MƏLUMAT
“Azərbaycanfilm” kinostudiyasının direktoru tatar kinosunun yubiley tədbirlərində iştirak edib
ÜMÜMİ XƏBƏRLƏR
18/03/2024 15:55

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov Tatarıstanda ilk kinematoqrafiya təşkilatı olan “Tatkino”nun 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak edib.

Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, “Tatarkino” assosiasiyasının bu münasibətlə planlaşdırdığı tədbir çərçivəsində Özbəkistan, Qazaxıstan, Tacikistan, Belarus, Qırğızıstan və Azərbaycanın kinostudiya rəhbərlərinin Kazana səfəri baş tutub.

Yubiley tədbirlərinə “Birgə istehsal kino sənayesinin inkişafının aparıcı amili kimi” adlı dəyirmi masa ilə start verilib. Dəyirmi masada Rusiya və digər MDB ölkələrinin kinostudiyaları arasında əməkdaşlıq əlaqələri müzakirə olunub.

Kinostudiya rəhbərləri Tatarıstan Respublikasının mədəniyyət naziri İrada Ayupova ilə də görüşüblər. Görüşdə MDB ölkələri və Gürcüstan kinostudiyalarını birləşdirəcək beynəlxalq qurumun fəaliyyəti müzakirə olunub.

Gələcək layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə tatarıstanlı rejissor və prodüserlər, eyni zamanda, kino mütəxəssisləri və mədəniyyət müəssisələrinin direktorları ilə Kazan Dövlət Mədəniyyət İnstitutunda görüş keçirilib. Müzakirənin moderatoru, “Tatarkino”nun direktoru, Kino və televiziya rejissorluğu kafedrasının professoru Milyauşa Aytuqanova birgə istehsalın hazırda qlobal tendensiya olduğunu vurğulayıb. Bildirilib ki, MDB ölkələri yüksək keyfiyyətli məhsul yaratmaq üçün güclərini birləşdirir, birgə filmlərin təbliği, filmlərin yayımı imkanlarının genişləndirilməsi və keyfiyyətli tamaşaçı auditoriyasının tapılması üzərində işləyirlər.

Baxış sayı: 211