XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan nümayəndə heyəti Britaniya Milli Kitabxanasında olub
ÜMÜMİ XƏBƏRLƏR
14/03/2024 11:07

Londonda keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri Britaniya Milli Kitabxanasında olub və kitabxananın baş direktoru Roly Keatinglə görüşüb.

AZƏRTAC xəbər verir ki, Roly Keating Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovla ötən ilin iyununda Parisdə CENL-in (Avropa Milli Kitabxanaları Konfransı) illik toplantısında görüşündən və 2013-cü ildə Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyində iştirakı zamanı Bakıya səfərindən söhbət açıb.

Milli Kitabxananın direktoru Kərim Tahirov Azərbaycan və Böyük Britaniya Milli kitabxanaları arasında əməkdaşlığa dair memorandumun imzalanması məqsədilə təkliflərini təqdim edib.

Britaniya Milli Kitabxanasında görkəmli Azərbaycan şairləri N.Gəncəvinin, M.Füzulinin, X.Şirvaninin, Xətainin, M.Hadinin və digər klassiklərimizin qiymətli əlyazmalarının saxlandığına diqqət çəkilib, onların tədqiqi və elektron nüsxələrinin Azərbaycan Milli Kitabxanasına verilməsinə dəstək göstərilməsi xahiş olunub.

Mədəniyyət Nazirliyinin müşaviri Elçin Mustafayev bu il may ayının əvvəllərində Bakıda Beynəlxalq Mədəniyyət Tədbirinin – “VI Bakı Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunun” keçiriləcəyini bildirib və Mədəniyyət Nazirliyinin rəhbərliyi adından kitabxana heyətini həmin tədbirə dəvət edib.

Görüşün sonunda nümayəndə heyəti Britaniya Milli Kitabxanası ilə tanış olub.

 

Baxış sayı: 128