XƏBƏRLƏR
MƏLUMAT
“Abbasqulu Ağa Bakıxanov – 225” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2019 14:58

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzində “Abbasqulu Ağa Bakıxanov – 225” adlı tədbir keçirilib.Tədbir "Bakıxanovlar" şəcərəsinin tədqiqatçısı Xəyalə Əyriçalmalı tərəfindən təşkil olunub.

Elm və mədəniyyət xadimləri, tanınmış tarixçilər, Bakıxanovlar nəslinin nümayəndələri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları, tanınmış ziyalılar tədbirdə iştirak ediblər.

"Bakıxanovlar" şəcərəsinin tədqiqatçısı Xəyalə Əyriçalmalı çıxışı zamanı apardığı elmi-tədqiqat işi olan  "Bakıxanovlar şəcərəsi və bu nəslin Bakı kəndlərində və digər şəhərlərdə məskunlaşan qolları"nı təqdim edib. 

Tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, professor Şahin Fazil, Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Gülər Əlibəyli, bəstəkar, professor Tofiq Bakıxanov, Buzovna qəsəbəsinin axundu, qazi Hacı Soltan Əlizadə, Xəzər rayon Yazıçılar bölməsinin sədri Hacı Arif Buzovnalı və b. çıxış ediblər.

Həmçinin A.A.Bakıxanovun ədəbi irsini ərəb, fars və türk dillərində olan mənbələr əsasında öyrənən tədqiqatçı-alim, N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin doktorantı Hədyə Zəhra Əhmədi də yubiley tədbirində iştirak edib.

Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Xalq artisti, professor Tofiq Bakıxanovun əsərləri, A.A.Bakıxanovun qəzəlləri səsləndirilib.

Yasamal rayon MKS-nin  Mərkəzi Kitabxanasında  “Abbasqulu Ağa Bakıxanov 225” adlı kitab sərgisi də təşkil olunub.

Baxış sayı: 75784