XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti, xanəndə və pedaqoq Əlibaba Məmmədov vəfat edib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2022 00:04

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Xalq artisti Əlibaba Məmmədov 92 yaşında dünyasını dəyişib.

Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb.

1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə “Azkonsert” Birliyinin solisti olub. 1968-ci ildə maestro Niyazinin təşəbbüsü ilə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Hümayun” xalq çalğı ansamblını yaradıb və ömrünün sonuna kimi həmin ansambla rəhbərlik edib.

Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnən ustad sənətkarın böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam–dəstgahlarının səs yazıları Azərbaycan Televiziyasının fondunda saxlanılıb. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflərin müəllifidir.

“Yaşa məhəbbətim, yaşa ürəyim”, “Gəl bizə, yar”, “Bir dənəsən” və s. Füzuli, Vahid, Mikayıl Müşviq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış bu mahnılar Azərbaycan Televiziyasının fondunda Zeynəb Xanlarova, Rübabə Muradova və digər tanınmış sənətçilər sevərək ifa ediblər. Əlibaba müəllimin bəzi mahnıları bəzən “xalq mahnısı” kimi sevilib və tanınıb. Əlibaba Məmmədovun özünəməxsus səs tembri və ifa mədəniyyəti, sözün dəyərini bilən müdrikliyi onu sağlığında xanəndəlik məktəbinin ustadı kimi tanıdıb.

Əlibaba Məmmədov 1963 cü ildən Asəf Zeynallı və Bülbül adına orta ixtisas musiqi məktəblərində gənc nəslə muğam və xalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrədib.

Ustad sənətkarın yaradıcılığı daim diqqət mərkəzində olub və yüksək qiymətləndirilib. Əlibaba Məmmədov “Əməkdar artist”, “Xalq artisti” fəxri adları, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenləri ilə təltif olunub. Prezident təqaüdçüsü idi.

Xalq artisti Əlibaba Məmmədovun bizə miras qoyduğu musiqi inciləri onu daim yaşadacaq və gələcək nəsillərə Azərbaycan muğamının və xalq sənətinin ən gözəl nümunələri kimi ötürüləcək.

Allah rəhmət eləsin.

Baxış sayı: 519