XƏBƏRLƏR
MƏLUMAT
Bu gün görkəmli aktyor, Xalq artisti Yaşar Nurinin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
03/09/2025 09:53

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

Yaşar Nuri hələ kiçik yaşlarında ikən səhnədə rol alıb. İlk dəfə on bir yaşı olarkən “Toy kimindir?” tamaşasında Tapdıq rolu ilə səhnədə rol alan unudulmaz aktyorumuz Yaşar Nuri televiziyada “Yelkən” verilişinin aparıcısı olub, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişlərində iştirak edib.

Aktyor teatr səhnəsində çoxsaylı obrazların mahir ifaçısı olub. Sevilən sənətkarımızın Azərbaycan teatr səhnəsində “Övlad” komediyasında Silva, “Bağlardan gələn səs” dramında Pərviz, “Ölülər” əsərində Məşədi Oruc, “Od gəlini” dramında Altunbay, “Büllur sarayda” pyesində Bayandur, “Bizim qəribə taleyimiz” pyesində Davud, “Bəşərin komediyası və yaxud Don Juan” əsərində Sqanarel, “Dəli yığıncağı” faciəsində Sərsəm Salman, “Fəryad” əsərində Rəhman, “Mesenat” əsərində Ağamusa Nağıyev, “Sevil” əsərində Əbdüləli bəy, “Qanlı Nigar” pyesində Abdi, “Gülüstanda qətl” pyesində Şahməmməd İsmiyeviç, “Afət” əsərində Xandəmir və s. rolları ona geniş tamaşaçı rəğbəti qazandırıb.

Yaşar Nuri, eyni zamanda, hamı tərəfindən sevilərək izlənilən televiziya tamaşalarında da yadda qalan obrazların görkəmli ifaçısıdır. Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Qonşu qonşu olsa”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Yarımştat”, “Ac həriflər”, “Göz həkimi”, “Yaşıl eynəkli adam”, “Səni axtarıram” trilogiyasında və bir çox teletamaşalarda bənzərsiz rolların mahir ifaçısına çevrilib. Bir çoxunun yaddaşında Yaşar Nuri “tamada Surxayzadə”, “Gülərin Həsənağası”, “Gülnarın Elçini”, “çəkməçi Dadaşov”, “ac həriflərin Həsən dayısı”, “fotoqraf Əli bəy” və digər obrazlarda qalıb. Bu da aktyorun istənilən obrazı yaddaqalan və unudulmaz canlandırmasından irəli gəlir.

Böyük sənətkarın aktyorluq fəaliyyəti bununla məhdudlaşmır. Kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan sevimli sənətkarımız “Dörd bazar günü”, “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Yuxu”, “Hər şey yaxşılığa doğru”, “Lətifə”, “Qətl günü”, “Fransız”, “Yoxlama” və s. filmlərdə rol alıb.

O, həm kino, həm də teatr sahəsində xidmət göstərməklə yanaşı, teatrda “Subaylarınızdan görəsiniz” tamaşasına quruluş verib, kinoda isə “Spasibo” filmini çəkib.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də dünyasını dəyişib.

 

Baxış sayı: 51