XƏBƏRLƏR
MƏLUMAT
Tarın sirdaşı – Xalq artisti Fikrət Verdiyev
ÜMÜMİ XƏBƏRLƏR
02/09/2021 01:20

Fikrət Süleyman oğlu Verdiyev 1947-ci ilin sentyabrın 2-də Azərbaycanın mədəniyyət ocaqlarından biri olan Gəncə şəhərində ziyalı ailəsində dünyaya gəlib. Hələ çox kiçik yaşlarından balaca Fikrətdə musiqiyə, ədəbiyyata, poeziyaya, muğama sevgi və həvəs özünü göstərir. Anası Məryəm xanım oğlundakı bu həvəsi görüb 1957-ci ildə onu Gəncədə 1 saylı musiqi məktəbinin tar sinfinə qoyur. Beləcə, gələcəyin məşhur tarzəninin tarla ilk tanışlığı, ünsiyyəti yaranır. 1962-ci ildə o, Qənbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olur. Təhsilini davam etdirə-etdirə Gəncə Pioner və Məktəblilər Sarayında, Mədəniyyət evində özfəaliyyət kollektivlərinə rəhbərlik edir. 13 yaşında səhnədə həm solo, həm də ansamblla çıxışlar edən Fikrət Verdiyev uşaqlıq yaşlarından müstəqil ansambl yaratmaq arzusunda olur. Hətta 1960-cı ildə Bakıda respublika üzrə pioneer və məktəblilər sarayı kollektivləri arasında keçirilən festivalda rəhbərlik etdiyi kollektiv qalib gəlir.

O dövrdə - tələbə olarkən Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində də pedaqoji fəaliyyətə başlayır. 1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olur. Adil Gərayın sinfində təhsil alır. 1968-ci ildə beş nəfər Gəncə musiqiçiləri ilə çoxdan arzusunda olduğu ansamblı yaradır. Nəhayət, 1969-cu ildə gərgin əməyi və fədakarlığı ilə Gəncə musiqiçilərini və sənətçilərini başına yığaraq ictimai əsaslarla “Göy göl” xalq çalğı alətləri ansamblını yaradır. Tezliklə bu ansamblın şöhrəti Gəncəbasardan çox uzaqlara yayılaraq, ölkəmizdən xaricdə də tanınır. Bakıda, Mokvada, Leninqradda, o vaxtkı Sovet İttifaqının hər bir guşəsində və digər ölkələrdə konsertlər verən kollektiv fəxri fərman və mükafatlarla təltif olunur. Azərbaycan musiqi ifaçılığının nadir incilərindən olan Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Teymurova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu, Ağadadaş Ağayev və başqa tanınmış sənətçilər bu ansamblla çıxış ediblər. Azərbaycan mədəniyyətini bütün dünyada ən yüksək səviyyədə təmsil edən sənətkarımız Zeynəb Xanlarova 1971-ci ildən etibarən bu ansamblın müşayiətilə yaddaşlardan silinməyən konsertlər verib.

1972-ci ildə konservatoriyadakı təhsilini başa vurandan sonra Fikrət Verdiyev ansambla rəhbərliklə yanaşı, Qənbər Hüseynli adına Gəncə ora ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətə də başlayır.

1977-ci ildə isə hər zaman sənətə və sənətkara yüksək qiymət verən, qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyev bu ansamblı bəyənərək ona “Dövlət mahnı və rəqs ansamblı” status verilməsini məqsədəuyğun bilir.

Belə bir diqqətin, qayğının qarşısında əlbəttə ki, ansambl, xüsusən onun yaradıcısı daha böyük səylə, sevgiylə çalışmağa, yeni-yeni mahnılar ifa etməyə, konsertlər verməyə davam edir. Məşhur bəstəkarlarımızdan Ə.Tağıyev, E.Sabitoğlu, C.Cahangirov, sonralar R.Mirişli, F.Sücəddinov və başqalarının “Göygöl” ansamblı üçün yazdıqları əsərlər ansamblın gündən-günə inkişafına, məşhurluğuna səbəb olur.

Ansamblın çıxışlarını dinləyən böyük xanəndəmiz Xan Şuşinski Fikrət müəllimə deyir: “Sən indiyə kimi tək Gəncədə deyil, bütün Gəncəbasarda heç bir musiqiçinin görmədiyi bir iş görmüsən”.

1982-ci ildə isə Zeynəb Xanlarova Fikrət Verdiyevi öz yaratdığı “Əfsanə” ansamblına konsertmeystr dəvət edir. Həm Zeynəb xanımın, həm də özünün yaratdığı ansamblla tez-tez qastrol səfərlərinə çıxan Fikrət müəllimə xarici ölkələrdən də təkliflər az deyildi. Hətta bir dəfə Amerikada səfərdə olarkən ona Amerikada qalıb orada yaşayan İran azərbaycanlılarından, türklərdən və soydaşlarımızdan ibarət Azərbaycan milli musiqi alətləri orkestrini yaratmaq təklif olunsa da, vətənini, xalqını hər şeydən çox sevən tarzən qəti şəkildə etiraz edir, “mənim üçün vətənimin hər daşı- kəsəyi, hər qarışı qiymətlidir”- deyir.

Bu ansamblla birgə 40-dan çox ölkədə Azərbaycan mədəniyyətini təbliğ edən tarzən 1987-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülür.

1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət Verdiyev filarmoniyanın nəzdində “Göygöl” mahnı və rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini də yaradır. Mixail Boyarskini, Müşərrəf Akayı Bakıya dəvət edərək çıxışlarını təşkil edir.

2001-ci ildə Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində “Neftçi” mahnı və rəqs ansamblını yaradır. Könül Xasıyeva, Aygün Bayramova, Rövşən Behcət, Samir Cəfərov, Feyruz Səxavət, Cabir Abdullayev, Teyyub Aslan kimi sənətçiləri bir araya gətirərək maraqlı proqram, zəngin repertuar hazırlayır.                                         

Ansambl Yeni Azərbaycan Partiyasının 10 illiyi münasibətilə Mədəniyyət sarayında keçirilən konsert proqramında uğurla çıxış edir. Həmin tədbirdə ölməz liderimiz Heydər Əliyev konsertdən sonra həmişə olduğu kimi, səhnənin arxasına keçərək tədbirdə iştirak edən sənətçilərlə görüşür, onları uğurlu çıxışları münasibətilə təbrik edir.

Fikrət Verdiyev 2014-cü ilin 13 fevralında Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Xalq artisti” fəxri adına layiq görülüb.

Fikrət müəllimin ən yaddaqalan xatirələrindən biri də 2015-ci ilin iyul ayında şair Rəşad Məcidin İtaliyanın Milan şəhərində italyanca çap olunmuş “O” (“La Donna”) kitabının təqdimatı və şeirlərə yazılmış musiqilərdən, kompozisiyalardan ibarət konsert proqramı ilə bağlıdır. Həmin tədbirdə tarzən italyanların qarşısında Azərbaycan musiqi sənətini bir daha ən yüksək şəkildə nümayiş etdirir, hətta digər musiqiçi həmkarları ilə birgə italyan musiqisi ilə Azərbaycan musiqisinin sintezini yaradırlar.

Fikrət Verdiyevin ömür yoluna və yaratdığı ansamblın Azərbaycan incəsənətinə, musiqi ifaçılığına qazandırdığı adlara nəzər salanda bir cəhəti də görürük ki, o həm də hər zaman gənclərə önəm verən, istedadlı gənclərə yol açan, onlara dəstək olan bir insandır.

Səhnə fəaliyyətindən, sənətdəki uğurlarından əlavə, Fikrət müəllim həm də gözəl ailə başçısı, qayğıkeş valideyn, mehriban babadır. Məşhur sənətkar Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva ilə ailə qurmaq Fikrət müəllimin bu həyatdakı ən böyük uğurudur. Çünki bir musiqçini gözünü müğənni ailəsində açıb, laylasında mahnılar, muğamlar dinləyən bir xanımdan başqa bəlkə də kimsə bu qədər gözəl anlaya bilməzdi.

Şahanə Müşfiq

525-ci qəzet.- 2017.- 1 sentyabr.- S.12.

Baxış sayı: 605