XƏBƏRLƏR
MƏLUMAT
“MDB ölkələrinin Gənclər Düşərgəsi” çərçivəsində ustad dərsləri təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
28/08/2025 09:19

Laçın şəhərində “MDB ölkələrinin Gənclər Düşərgəsi” davam edir.

Laçın Şəhəri Günü çərçivəsində gerçəkləşən layihə üzrə avqustun 27-də düşərgənin iştirakçıları üçün ustad dərsləri təşkil olunub.

"HoçazFilm" studiyasında “Pantomim - aktyor sənətinin tərkib hissəsi kimi” adlı ustad dərsi Azərbaycan Dövlət Pantomima Teatrının quruluşçu rejissoru, aktyor, pedaqoq Ceyhun Dadaşov tərəfindən aparılıb. İnteraktiv formatda keçən dərsdə rejissor gənclərə aktyor sənəti və pantomimanın spesifik xüsusiyyətləri barədə məlumat verib. Gənclər rejissorun pantomima oyun manerası ilə bağlı tapşırıqlarını əyani icra ediblər.

Rəssamlıq üzrə ustad dərsi Laçın şəhərindəki "Yurd" qalereyasının yaxınlığında açıq havada təşkil olunub. Gənclər Xalq rəssamı Əşrəf Heybətovun rəhbərliyi ilə şəhərin ecazkar mənzərələrini müxtəlif rakurslardan kətan üzərinə köçürüblər. Dərs gedişində Xalq rəssamı gənclərə öz tövsiyələrini verib.

Daha bir ustad dərsi keramika sənətinə həsr olunub. Rəssam-keramist Emin Ələkbərov Azərbaycanda bu sahənin qədim tarixi və zəngin ənənələri olduğu diqqətə çatdırıb, gənclərə keramika və gil qabların hazırlanma prosesini izah edib. İştirakçılar öz əl işlərini hazırlayaraq boyayıblar.

Ölkəmizdən və xaricdən gələn gənclər ustad dərslərindən zəngin təcrübə və unudulmaz təəssürat qazanıblar.

Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə keçirilən düşərgə avqustun 28-də başa çatacaq.

 

Baxış sayı: 42