XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlər ölməz, Vətən bölünməz!” rubrikasında baş leytenant Elçin Əzizov
ÜMÜMİ XƏBƏRLƏR
30/03/2022 00:20

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Elçin Əvəz oğlu Əzizov 30 mart 1985-ci ildə Cəbrayıl rayonun Böyük Mərcanlı kəndində anadan olub.

1992-ci ildə Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd orta məktəbinin birinci sinfinə daxil olub. I Qarabağ müharibəsindən sonra təhsilini Xətai rayonu 28 nömrəli Zəngilan tam orta məktəbində davam etdirib.

Məktəbi bitirdikdən sonra 2002-ci ildə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinə qəbul olub. Universiteti bitirdikdən sonra, 2006-cı ildə Azərbaycan Respublikası Daxili Qoşunlarının hərbi hissəsində hərbi xidmətdə olub. Hərbi xidmətdə olduğu müddətdə Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovla birlikdə döyüş yolu keçib. Xidməti uğurla başa vuran Elçin 2007-ci ildə təxris olunur.

2012-ci ildə Sərhəd Qoşunlarının çevik hərəkət dəstəsində gizir rütbəsi ilə işə başlayan Elçin ilk illərdən kollektivin rəğbətini qazanır. 2016-cı ildə gedən Aprel döyüşlərində Elçin könüllü olaraq döyüşdə iştirak edir, göstərdiyi qəhrəmanlıq, igidliyə görə 2018-ci ildə ölkə başçısı tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilir və baş leytenant rütbəsi alır.

Bir il sonra eyni gündə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilir.

27 sentyabr 2020-ci ildə vətənimizin müdafiəsi uğrunda başlayan müharibəyə Elçin də könüllü yollanır və Murovdağ, Füzuli rayonunun Böyük Bəhmənli kəndi istiqamətində gedən döyüşlərdə iştirak edir.

Oktyabrın 13-ü yaralı yoldaşlarının köməyinə gedərkən Elçin Əvəz oğlu Əzizov iş yoldaşı Malik Təvəkkül oğlu Əliyev ilə birlikdə Cəbrayıl rayonu ərazisində zirehli maşında düşmən raketinə tuş gələrək şəhid olur.

Elçin 15 oktyabr 2020-ci ildə II Fəxri Xiyabanda dəfn edilib.

Baş leytenant Elçin Əzizov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  “Vətənə xidmətə görə” III dərəcəli ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Baxış sayı: 242