XƏBƏRLƏR
MƏLUMAT
Səməd Vurğunun yaradıcılığına həsr olunmuş musiqili-poeziya axşamı təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
15/03/2024 17:16

Bakıdakı Rus evinin Ədəbiyyat klubu Səməd Vurğunun ev-muzeyi ilə bilikdə görkəmli şairin yaradıcılığına həsr olunmuş musiqili-poeziya axşamı təşkil edib.

AZƏRTAC Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rus evinin rəhbəri İrek Zinnurov və Səməd Vurğunun ev-muzeyinin direktoru, şairin nəticəsi, beynəlxalq musiqi müsabiqələrinin laureatı Vurğun Vəkilov tədbir iştirakçılarını salamlayıblar.

Layihə iştirakçıları Səməd Vurğunun şeirlərini rus və Azərbaycan dillərində təqdim ediblər.

Şeirlərin qiraəti Bakı Dövlət Universitetinin tələbəsi, pianoçu Murad Muradovun ifasında bəstəkarlar Tofiq Quliyev və Aleksandra Paxmutovanın əsərləri ilə müşayiət olunub.

Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, beynəlxalq mükafatlar laureatı Lalə Muxtarova İ.S.Baxın “Ariya”sını, pianoçu Ramil Davıdzadə isə Hans Zimerin məşhur “A way of life” əsərini ifa ediblər.

Tədbiri Ədəbiyyat klubunun sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, müəllim Lalə Həsənova aparıb.

Vurğun Vəkilov və Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina layihənin işinə uğurlar arzulayıblar.

 

Baxış sayı: 231