XƏBƏRLƏR
MƏLUMAT
Səhnə sənətinin fədaisi – görkəmli teatr və kino xadimi İbrahim İsfahanlı
ÜMÜMİ XƏBƏRLƏR
16/08/2021 05:53

Tiflisin azərbaycanlı mühitinin mədəni tərəqqisində mühüm rol oynayan Tiflis Azərbaycan Teatrı 1873-cü ildə yaranıb. Qısa müddət ərzində geniş auditoriya toplayıb. Mədəniyyət ocağı Azərbaycan teatr sənətinin inkişafına da töhfələr verib. Görkəmli kino və teatr xadimlərimiz  Möhsün Sənani, Mustafa Mərdanov da məhz bu teatrın yetirmələridir. 1947-ci ildə fəaliyyəti dayandırılan teatr böyük fasilədən sonra 1998-ci ildə yenidən işə başlayıb. Bu teatırda böyük əmək sərf edən tanınmış mədəniyyət xadimlərindən biri də Gürcüstanın Xalq artisti İbrahim İsfahanlıdır.

İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə) 1897-ci ildə Tiflisdə fəhlə ailəsində anadan olub. 8 yaşında ikən ehtiyac üzündən atası Hüseyn kişi onu çəkməçi yanına şagird qoyub. Balaca İbrahim çəkməçi yanında işləsə də, Tiflisin qaynar teatr həyatı onu özünə cəlb edib. İ.İsfahanlının aktyorluğa başladığı illər Gürcüstanın teatr həyatının coşqun dövrü idi. O, öz istedadı sayəsində yüksək sənət zirvəsinə qalxıb.

Fəlsəfə elmləri doktoru, professor, uzun illər Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələr daşımış mərhum Teymuraz Cəfərli özünün "Böyük dostluğun səhifələri" adlı kitabında göstərib ki, Gürcüstanda Sovet hakimiyyəti qurulmazdan xeyli əvvəl, inqilabi ruhlu azərbaycanlı ziyalılardan Əşrəf Yüzbaşov, Hüseyn Şabanov, Əli Tağızadə, Həsən Səbri, Məmməd Cəfərli, Mirzə Davud Rəsulzadə və başqaları da teatr sənətinin tərəqqisi yolunda əllərindən gələni əsirgəməyiblər.

Aktyorun ən yaddaqalan səhnə surətləri Xlestakov ("Müfəttiş", Nikolay Qoqol), Klimantura ("Jorj Danden", Jan Batist Molyer), Dəmirqaya, Şeyx Sənan, İblis, Keykavus ("Topal Teymur", "Şeyx Sənan", "İblis" və "Səyavuş", Hüseyn Cavid), Yaqo, Hamlet ("Otello" və "Hamlet", Vilyam Şekspir), Elxan, İbad, Oqtay, Balaş ("Od gəlini", "Almaz", "Oqtay Eloğlu" və "Sevil", Cəfər Cabbarlı), Nadir şah ("Nadir şah", Nəriman Nərimanov), Şahmar bəy, İblis, Nəcəf bəy ("Baba yurdunda", "Pəri cadu" və "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), General Tomson ("Hind qızı", Əbdülhəq Hamid), Nizami ("Nizami", Mehdi Hüseyn) və başqalarıdır. İbrahim İsfahanlı Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında onlarla baxımlı tamaşa hazırayıb. Bunlardan "Əsli və Kərəm", "Leyli və Məcnun", "Şah Abbas və Xurşid banu", "Arşın mal alan", "Məşədi İbad", "Aşıq Qərib", "Əlli yaşında cavan", "Evliykən subay", "Otello", "Hamlet", "Qaçaqlar", "Ölülər", "Hacı Qara", "Lənkəran xanının vəziri", "Xırs quldurbasan", "İblis", "Uçurum", "Knyaz", "Şeyx Sənan", "Topal Teymur", "Od gəlini", "Aydın", "Almaz", "Sevil", "Vaqif", "Toy", "Anzor", "Kinto", "Ac həriflər", "Pəri cadu", "Bəxtsiz cavan" və digər əsərlərin quruluşları xüsusilə diqqət çəkib.

Onun M. İbrahimovun "Böyük dayaq" filmindəki Yarməmməd rolu da qocaman artistin son illərinin yaradıcılıq məhsuludur.

Görkəmli aktyor və rejissorun sənəti, ictimai fəaliyyəti  dövlət tərəfindən layiqincə qiymətləndirilib. 1932-ci ildə İbrahim İsfahanlıya Gürcüstan Respublikasının Xalq artisti fəxri adı verilib.

İbrahim Hüseyn oğlu İsfahanlı 13 oktyabr 1967-ci ildə Tiflisdə vəfat edib və Tbilisi müsəlman qəbirstanlığında (indiki Botanika bağının ərazisi) dəfn edilib.

Tiflis ədəbi-ictimai mühitində Azərbaycan çoxşaxəli mədəniyyətinin təbliğ edilməsində əvəzsiz rolu və xidmətləri olan sənətkarın yaratdığı unudulmaz səhnə obrazları ürəyimizdə, xəyalımızda daim yaşayır və yaşamaqdadır

Baxış sayı: 756