XƏBƏRLƏR
MƏLUMAT
Respublika Gənclər Kitabxanası müharibə iştirakçısı, qazi Anar Əliyev ilə canlı görüş keçirib
ÜMÜMİ XƏBƏRLƏR
19/08/2021 01:20

Respublika Gənclər Kitabxanası istifadəçilərini Qarabağ uğrunda gedən Vətən Müharibəsinin qəhrəmanları, igid oğulları, cəsur əsgərləri ilə tanış etmək məqsədilə Vətən Müharibəsinin qaziləri, igid döyüşçüləri ilə silsilə canlı yayımlarını davam etdirir. “Zəfərə gedən yol” layihəsi çərçivəsində təşkil olunan növbəti canlı yayım avqustun 18-də baş tutub.  Canlı yayımın qonağı  müharibə iştirakçısı, qazi 36 gün erməni əsirliyində olmuş, Azərbaycan ordusunun igid əsgəri Anar Əliyev idi. Yayımın ilk dəqiqələrində qazi Anar izləyicilərə qısaca olaraq özü haqqında məlumat verib. Sonradan könüllü olaraq döyüş bölgəsinə yollanmağından, əsasən Cəbrayıl və Fizuli rayonları ərazisində olduğu döyüşlərdən, müharibənin təəssüratlarından, harada və necə yaralanmasından söhbət açıb. Dəfələrlə düşmənlə yaxın məsafədə olan igid əsgərimiz sonradan mənfur düşmən tərəfindən əsir alınmasından danışıb. Canlı yayımda əsirlik həyatının acı xatirələri, ağlasığmaz işgəncə və zülmləri, erməni “həkimlərinin” həkimlikdən uzaq davranışları dilə gətirilib.

Anar yalnız özü haqqında danışmaqla kifayətlənməyərək, onunla döyüşdə çiyin-çiyinə vuruşan və bu gün həyatda olmayan, ali şəhidlik zirvəsinə ucalan döyüş dostlarından böyük ehtiramla söhbət açıb. Qonaq dəfələrlə düşmənin necə namərdcəsinə döyüşməsindən, döyüş bölgəsindən qaçmasından, ali insani hərəkətlərdən uzaq olan terrorist davranışlarından – Gəncə və Bərdənin namərdcəsinə raket hücumuna məruz qalmasından da danışıb.

Canlı yayımın sonunda qazi Anar Əliyev Respublika Gənclər Kitabxanasına bu səpkili canlı yayımların təşkilinə görə öz minnətdarlığını bildirib.

İstifadəçilər qazi Anar Əliyev iştirakı ilə  keçirilən canlı yayıma aşağıdakı keçid vasitəsilə baxa bilərlər:

https://www.instagram.com/p/CSt5tLYiJBm/

Baxış sayı: 154