XƏBƏRLƏR
MƏLUMAT
Norveçdə modelyer-dizayner Gülnarə Xəlilovanın “Xarıbülbül” layihəsi həyata keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/09/2024 14:23

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnara Xəlilova Norveçdə eyni adlı kolleksiya əsasında "Xarıbülbül" fotolayihəsini reallaşdırıb. Bu layihə musiqiçi, fotoqraf və dizaynerin istedadını birləşdirərək Norveçlə Azərbaycan arasında mədəni dialoqun körpüsünə çevrilib.

AZƏRTAC xəbər verir ki, qədim milli incəsənətin və Qarabağın təbliğinə yönəlmiş “Xarıbülbül” kolleksiyası əvvəllər Norveçdə və bir sıra beynəlxalq podiumlarda da təqdim olunub.

“Bundan sonrakı təbliğat məqsədilə biz bu layihəni Azərbaycan əsilli tanınmış norveçli fotoqraf Fariz Nadir Rzayev və onun həyat yoldaşı, pianoçu Aida Ramazanova ilə model kimi həyata keçirmək qərarına gəldik. Fotosessiya Oslonun mərkəzi rayonlarında, o cümlədən Bjorvika, Barcode və Oslo Opera House damında keçirilib", - deyə Gülnarə Xəlilova bildirib.

Oslonun müasir memarlığını əks etdirən əsərləri ilə məşhur olan Fariz qeyd edib ki, onun məqsədi Skandinaviya memarlığı ilə Gülnarə Xəlilovanın hazırladığı ənənəvi Azərbaycan geyimləri arasındakı kontrastı nümayiş etdirməkdir.

Tanınmış dizayner Gülnarə Xəlilova mədəni irs elementlərindən istifadə etməklə ahəngdar şəkildə müasir milli geyimlərin yaradılması ilə beynəlxalq səviyyədə məşhurlaşıb. Onun kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

Baxış sayı: 257