XƏBƏRLƏR
MƏLUMAT
Ədəbiyyatımızda, teatrımızda, kinomuzda qalan imza - Folklorşünas alim Məmmədhüseyn Təhmasib
ÜMÜMİ XƏBƏRLƏR
12/04/2021 03:10

Azərbaycan ədəbiyyatının unudulmaz simaları arasında məşhur folklorşünas alim Məmmədhüseyn Təhmasib xüsusi yer tutur. Ədəbiyyatımızın inkişafına mühüm xidmətlər göstərən M.Təhmasib folklorşünaslığın əsasını qoymuş alimimizdir.

Uzun illər ali məktəblərdə dərs deyən alimin şifahi xalq ədəbiyyatının tədqiqində böyük xidmətləri olub. O, mövsüm və mərasim nəğmələrinin toplanıb tədqiq edilməsində önəmli rol oynayıb, “Kitabi Dədə Qorqud”, Azərbaycan xalq dastanları, Cabbarlının, Nəsiminin, Nizaminin şifahi xalq ədəbiyyatı ilə bağlılığı, Molla Nəsrəddin lətifələri haqqında elmi əsərlər yazaraq folklorumuzu zənginləşdirib.

Təhmasib Məmmədhüseyn Abbasqulu oğlu 1907-ci ildə Naxçıvan şəhərində anadan olub. 1927-ci ildə Bakı pedaqoji texnikumunu bitirən M.Təhmasib 3 il Naxçıvan şəhər orta məktəbində müəllimlik edib, sonradan isə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim, dosent, Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat Institutunda xalq yaradıcılığı şöbəsinin elmi əməkdaşı, 1944-cü ildən vəfatına qədər isə burada şöbə müdiri işləyib.

Ədəbi yaradıcılığa 1934-cü ildən başlayan M.Təhmasib 1938-ci ildə “Qaçaq Nəbi” adlı ssenarisini yazıb və “İnqilab və mədəniyyət” jurnalında çap etdirib. Onun “Bir qalanın sirri” (1960), “Onu bağışlamaq olarmı?” (1960) ssenariləri əsasında eyniadlı filmlər çəkilib, eyni zamanda “Bahar” (1938), “Aslan yatağı” (1941), “Çiçəklənən arzular” (1951), “Hind nağılı” (1956), “Rübailər aləmində” (1968) və b. pyes-nağılları respublikanın teatr səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulub.

Məmmədhüseyn Təhmasib 1941-1945-ci illərdə ədəbi işçi, eyni zamanda diktor kimi Azərbaycan radiosunda çalışıb, aydın diksiyalı səsi ilə Azərbaycanın “Levitanı” adını alıb.

Böyük yaradıcılıq eşqi və həvəsi ilə yaşayan M.Təhmasib radioda çalışmaqla yanaşı, bayatı və başqa folklor nümunələri toplamağa davam edib. Onu daha çox Nizami əsərlərinin təsiri ilə yaradılmış el ədəbiyyatı nümunələri maraqlandırıb.

Alimin araşdırmaçı kimi ilk uğuru “Nizami əsərlərinin el variantları” olub. “Nizami əsərlərinin el variantları” adlı 20 çap vərəqi həcmində kitab mütəfəkkir şairin 800 illik yubileyi münasibətilə Hümmət Əlizadə ilə Məmmədhüseyn Təhmasibin birgə toplayıb tərtib etdikləri dəyərli mənbə idi. Məşhur tədqiqatçı alimlər milli folklordan qaynaqlanan şairin əsərlərinin təsiri ilə yaradılıb, xalq tərəfindən maraqla qarşılanaraq populyarlaşan, folklorlaşmış əfsanə, nağıl və dastanları yaddaşlardan yazıya köçürməklə folklorşünaslıq elmi üçün yeni tədqiqat mənbəyi ortaya qoyublar.

Folklorumuzun söz sərrafı

 M.Təhmasib Azərbaycanı kəndbəkənd gəzmiş, qədim əlyazmaların haşiyələrindəki, cüng və yaddaşlardakı müxtəlif janrlı el sənəti nümunələrini yazıya alaraq nəşr etdirib.

Professor M.Təhmasib şifahi ədəbiyyatımızın qədim, zəngin və möhtəşəm janrı olan dastanların toplanılması sahəsində də ciddi işlər görüb. Onun yaxından iştirakı və köməyi ilə çoxsaylı dastanlarımızın müxtəlif variantları yazıya alınıb, müqayisələr aparılıb, daha geniş yayılmış variant əsas götürülərək 5 cildlik “Azərbaycan dastanları” 60-cı illərdə işıq üzü görüb. M.Təhmasibin həmin nəşrə yazdığı geniş müqəddimədə dastanın bir janr kimi ədəbi-bədii xüsusiyyətləri şərh olunub, bu janrın tarixən daşıdığı adlara aydınlıq gətirilib. Azərbaycan dastançılıq ənənələri geniş izah olunan müqəddimədə aşıq, buta, buta verilməsi, buta vermədə Xızır İlyas, nurani dərviş, Həzrət Əli kimi obrazların bədii-estetik funksiyaları haqqında məlumatlar əksini tapıb, ayrı-ayrı dastanların mövzu və motiv müxtəlifliyinə toxunulub.

 M.Təhmasib aşıq yaradıcılığı haqqında fundamental araşdırmalar aparıb, Azərbaycan folklorunun dastan janrını dərindən tədqiq edən alimlərimizdən biri olub. 1949-cu ildən ömrünün sonunadək M.Təhmasib “Koroğlu” dastanı üzərində işləyib, onu müxtəlif yönlərdən təhlil edib, dəfələrlə nəşr edilməsinə nail olub. Eposun ayrı-ayrı nəşrlərinə yazdığı müqəddimələrdə “Koroğlu”nun xalqımızın milli-mənəvi sərvəti olmasını, onun məhz Azərbaycan mühitində yaranıb formalaşmasını, sonralar başqa xalqların folkloruna da yayılmasını danılmaz faktlarla sübuta yetirib. Onun bu sahədəki xidmətləri bir fədakarlıq nümunəsi hesab olunmalıdır. Dünya xalqlarının eposları ilə müqayisədə ləyaqətli yer tutan “Koroğlu”nun ən mükəmməl nəşri M.Təhmasibin çoxillik əməyinin məhsulu sayılır. M.Təhmasib doktorluq dissertasiyalarından birinə yazdığı rəydə “Koroğlu” eposu ilə bağlı qeyd edib: “Öz yayılma vüsətinə görə dünya eposunda ”Koroğlu" kimi bir əsər təsəvvür etmək çətindir. O, din və dil ayrılıqlarına baxmayaraq, orta əsrlərdə çox möhkəm olmuş bütün siyasi-inzibati sərhədləri aşmış, ən azı Qafqaz, Iran, Əfqanıstan, Orta Asiya, Ərəbistan, Sibir və Avropanın bir sıra xalqları içərisində çox geniş şəkildə yayılmış, variantlar, versiyalar əmələ gətirmişdir".

Ümumiyyətlə, Məmmədhüseyn Təhmasibin folklorşünaslığın inkişafında, eləcə də folklorşünaslar nəslinin yetişməsində çox böyük xidmətləri var.

Filologiya elmləri doktoru, professor Məmmədhüseyn Təhmasib həm də tərcümə fəaliyyəti ilə məşğul olub. Bayron, Jül Vern, I.Petrov kimi yazıçı və şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Məşhur filmlərin ssenari müəllifi M.Təhmasib Azərbaycan folklorunun bir fənn kimi tədrisi sahəsində ilk addımlar atan alim olub. Məhz lətifələrimizin elmi tədqiqinin əsasının qoyulması, sistemli şəkildə toplanılması, nəşri də M.Təhmasibin adı ilə bağlıdır. Onun toplayıb tərtib etdiyi, nəşrinə nail olduğu “Molla Nəsrəddin” lətifələri dil-üslub xüsusiyyətləri, milli-bəşəri motivlərin obrazlı-lakonik ifadə zənginliyi ilə diqqəti cəlb edir.

Azərbaycan nağıllarının toplanılmasında, tərtibində, nəşr olunmasında və təhlilində də M.Təhmasib böyük xidmətlər göstərib. Hələ ötən əsrin 60-cı illərində nağıllarımızdan ibarət ikicildliyin rus dilində nəşrində, sonralar 5 cildlik “Azərbaycan nağılları”nın tərtibi və nəşrində də M.Təhmasibin böyük rolu olub. Onun tərtib etdiyi nağıllar kitabı 1965-ci ildə Tehranda “Qisseyi-Azərbaycan” adı ilə farsca nəşr edilib.

M.Təhmasib “Dədə Qorqud boyları haqqında” məqalə yazıb və bu məqalədə “Dədə Qorqud” boylarının sonrakı dövr dastanlarımıza təsiri faktlarına toxunub.

M.Təhmasib təkcə Azərbaycanda deyil, eyni zamanda keçmiş Sovet İttifaqında, Türkiyə və İranda da epos nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis kimi qəbul olunub. Bir çox hallarda onun fikirlərinə mənbə kimi istinad edilib.

 Filologiya elmləri doktoru, professor Məmmədhüseyn Təhmasib həm də tərcümə ilə məşğul olub. Bayron, Jül Vern, İ.Petrov kimi yazıçı və şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Məmmədhüseyn Təhmasib eyni zamanda C.Cabbarlı, S.Vurğun ənənələrini davam etdirən dramaturq olub.

Onun 1939-cu ildə yazdığı “Bahar” pyesi gənc rejissor Mehdi Məmmədovun quruluşunda Gəncədə, sonra Bakıda Dövlət Dram Teatrında tamaşaya qoyulub. “Aslan yatağı” pyesi isə Böyük Vətən müharibəsi illərində Krım tatarlarının faşizmə qarşı mübarizəsinə həsr olunub. Əsər 1942-ci ildə dövlət teatrının səhnəsində oynanılıb. Bundan başqa, 1955-ci ildə M.Təhmasibin “Çiçəkli dağ” pyesi, “Kəlilə və Dimnə”nin motivləri əsasında qələmə aldığı “Hind nağılı” adlı pyesi teatr səhnəsində göstərilib.

Məşhur “Bir qalanın sirri” filminin ssenarisi də “Çiçəkli dağ” pyesinin motivləri əsasında yazılıb. Eyni zamanda, müəllif “Bahar” pyesini də sonralar işləyib “Onu bağışlamaq olarmı?” bədii filminin ssenarisini hazırlayıb. Bu filmin quruluşçu rejissoru Rza Təhmasib olub.

Məhəmmədhüseyn Təhmasib 1982-ci il oktyabr ayının 5-də Bakıda vəfat edib.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilib.

Azadlıq.- 2013.- 24 iyul.- S.14.

Baxış sayı: 713