XƏBƏRLƏR
MƏLUMAT
“Cəsurluq məktəbi” rubrikasında Mirağa Qasımov
ÜMÜMİ XƏBƏRLƏR
12/11/2021 00:26

Kiçik gizir Qasımov Mirağa Hafiz oğlu 1 avqust 1995-ci ildə Cəlilabad rayonunun Moranlı kəndində anadan olub.

2002-ci ildə kənd tam orta məktəbinin birinci sinfinə daxil olan Mirağa, sonradan təhsilini Qara Kazımlı adına tam orta məktəbdə davam edib. 2013-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Hərb sənətinə olan maraq 2015-ci ildə onu Dövlət Sərhəd Xidmətinə gətirib. Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Dəstəsində xidmətə başlayan Mirağa yüksək fiziki hazırlığı, intizamı və çalışqanlığı sayəsində qısa müddətdə peşəkar hərbi qulluqçu kimi formalaşıb. Xüsusi döyüş tapşırıqların icrasında, müxtəlif taktiki təlimlərdə yüksək nəticələr göstərərək rəislərinin və yoldaşlarının etimadını qazanıb. 2020-ci ildə Vətən müharibəsi başlayanda Mirağa da digər döyüş yoldaşları kimi ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qoşulub. Füzuli və Cəbrayıl istiqamətlərində gedən qanlı döyüşlərdə iştirak edən Mirağa bir sıra yaşayış məntəqələrin azad olunmasında rəşadət göstərib, Zəngilan şəhərinin və ətraf ərazilərin azad olunmasında düşmənə sarsıdıcı zərbələr vuran bölmələrin tərkibində xüsusi fərqlənib.

O, 21 oktyabr 2020-ci il tarixdə Zəngilanı geri qaytarmaq ümidi ilə əks-hücüma keçən düşmən qüvvələrinin darmadağın edildiyi döyüşdə qəhrəmanlıq göstərərək ağır yaralanıb. Bakı şəhərinə təxliyə olunaraq ölkəmizin ən qabaqcıl tibb müəssisələrində müalicə alan kiçik gizir Qasımov Mirağa bütün səylərə baxmayaraq noyabrın 12-dəgözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəlib, 7 noyabr 2020-ci il tarixdə Cəlilabad rayonu Moranlı kəndində dəfn edilib.

Mirağa Qasımov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən“Qarabağ”ordeni, “Vətən uğrunda” və“Zəngilanın azad olunmasına görə”, "İgidliyə görə" medalları ilə təltif olunub.

Baxış sayı: 124