XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanda Novruz bayramıdır
ÜMÜMİ XƏBƏRLƏR
20/03/2024 12:13

Azərbaycanda Novruz bayramı qeyd edilir. Bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

Bu gün suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın hər yerində Novruz bayramı böyük təntənə və Qələbə sevinci ilə keçirilir. Novruz bayramı bu il xalqımız üçün xüsusilə əlamətdardır. Bu il Novruzu bütövləşmiş Azərbaycanın vətəndaşları kimi qürurla, fəxarətlə, sevinclə qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin tam bərpasından sonra Novruz tonqalları Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə də qalanır.

Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.

Bayramınız mübarək!

Baxış sayı: 215