XƏBƏRLƏR
MƏLUMAT
Xalq rəssamı Mirəli Mirqasımovun yaradıcılıq dünyası
ÜMÜMİ XƏBƏRLƏR
14/07/2021 07:09

Azərbaycan heykəltəraşlıq sənəti tarixində o da adı fəxrlə çəkilməyə layiq sənətkardır. İstər dəzgah və istərsə də, monumental heykəltəraşlıq sahəsində müəllifi olduğu yaddaqalan yaradıcılıq nümunələri ilə incəsənət xadimləri və sənətsevərlərin xüsusi rəğbətini qazanıb. Söhbət Xalq rəssamı Mirəli Mirəsədulla oğlu Mirqasımovdan (1924-2003) gedir.

M.Mirqasımov AMEA-nın ilk prezidenti, akademik, tibb alimi olmuş Mirəsədulla müəllimin aliəsində dünyaya göz açıb. Şübhəsiz ki, ailəsində elmə, sənətə olan maraq ona ilk növbədə valideynlərindən sirayət edib. M.Mirqasımun gələcəkdə tanınmış incəsənət xadimi olmasında onun anası Ceyran xanımın həlledici rolu olub. Yeddi yaşında eşitmə qabiliyyətini itirmiş gələcək heykəltəraşa anası cəfakeşliklə qayğı göstərib, oğlunun sənətin sirlərinə yiyələnməsində xüsusi fədakarlıq edib. M.Mirqasımov orta və ali ixtisas təhsilini sırf heykəltəraşlıq ixtisası üzrə almış ilk heykəltəraşlardandır. O, əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1939-1943) müəllimi, məşhur heykəltəraş P.Sabsay, daha sonra İ.E.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1944-1950) təhsil alıb və tanınmış incəsənət ustaları, heykəltəraşlar A.T.Matveyev, V.A.Sinayski, M.K.Anikuşin, rəssamlar S.L.Abuqov və A.A.Mılnikovdan sənətinin incə sirlərinə yiyələnib. Təhsilini başa vurub ölkəmizə dönən M.Mirqasımov yarım əsrdən çox uğurlu bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olub, bədii estetik məziyyətlərə malik bir çox büst-portret əsərləri və monumental heykəltəraşlıq abidələri ərsəyə gətirib. M.Mirqasımovun yaradıcılığının əsas xüsusiyyətləri kimi professional işlənilmə, mükəmməl bədii obraz yaradıcılığı, surətlərin fərdi xarakterik və ümumiləşdirilmiş formada bədii işlənilmə xüsusiyyətlərini vurğulamaq olar. Dəzgah heykəltəraşlığı sahəsində yaratdığı büst-portretlərə nə qədər poetiklik, lirizm və zahiri statiklik xasdırsa, monumental heykəltəraşlıq abidələrində isə əksinə olaraq dinamizm, daxili ekspressivlik və gərgin müdrik düşündürücülük əlamətləri var. Bu xüsusiyyətlər həmçinin, obrazları yaradılmış qəhrəmanların özlərinin yaşamış olduqları həyat tərzləri ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, heykəltəraş yaradıcılığının ilk illərində animalistik janrda heykəllər yaratmağa üstünlük vermişdi. Ümumiyyətlə Azərbaycan heykəltəraşlıq sənətində nədənsə animalistik janrda heykəltəraşlıq əsərləri çox az yaradılıb. Bu baxımdan heykəltəraşın bu sahədə olan yaradıcılıq fəaliyyəti təqdirə layiqdir.

M.Mirqasımovun müəllifi olduğu dəzgah heykətəraşlığı əsərlərinə nümunə olaraq "M.Ə.Sabirin büstü" (1948), "At" (1950, gips), "Şir" (1950, gips), "Qız portreti" (1955, mərmər), "Anasının portreti" (1956, gips), "Qız göyərçinlə" (1956, mərmər), "Şah yaylaq" (1957, gips), "Qız portreti" (1958, mərmər), "C.Cabbarlı" (1958, mərmər), "Neftçi Qurban" (1959, bürünc), "Azadlıq" (1959, bürünc), "İkar" (1962, bürünc), "Xəzri" (1966, bürünc), "Akademik Mirəsədulla Mirqasımov" (1980, bürünc), "Hərəkət qüvvətdir" (1982, bürünc), "C.Cabbarlı" (1987, bürünc) və başqalarını göstərmək olar. Sadalan hər bir sənət əsərinin ərsəyə gətirilməsi heykəltəraşın gərgin yaradıcılıq axtarışları və zəhməti hesabına başa gəlib. Nümayiş olunan bu sənət incilərinə tamaşa edib, estetik zövq alan tamaşaçı çox zaman fikirləşmir ki, sənət nümunəsi kimi tamaşa etdiyi əsər hansı və necə mürəkkəb yaradıcılıq proseslərindən keçərək gəlib bu səviyyəyə çıxır. Heykəltəraş yaradıcılığının ilkin dövrlərində gənclik şövqü ilə yaratdığı obrazlarda daha çox vurğunu gözəllik, lirika üzərində kökləyib. M.Mirqasımov yaratdığı "Ana", "Nefçi" və "Qız göyərçinlə" portrtetlərinə görə 1955-ci ildə Varşavada təşkil olunan Gənclərin və Tələbələrin V Ümumdünya festivalında laureat adına layiq görülüb. Bu mükafat heykəltəraşın dəzgah heykəltəraşlığı sahəsindəki yaradıcılığına verilmiş ümumi qiymət idi. Ümumiyyətlə, yaradılmış bütün monumental heykəltəraşlıq nümunələrinin ilkin variantı dəzgah heykətəraşlığından keçir. O, hər hansı bir monumental heykəltəraşlıq abidəsi üzərində işlərkən onun kiçik modellərini, eskizlərini hazırlayıb. M.Mirqasımovun iştirak etdiyi müsabiqələrdə monumental heykəltəraşlıq abidələri üçün yaratmış olduğu eskiz layihələrə "C.Cabbarlı" (1959, gips), "M.Füzuli" (1962, gips), "İ.Nəsimi" (1973, gips), "C.Cabbarlı" (1981, gips) və başqalarını qeyd etmək olar.

M.Mirqasımovun müəllifi olduğu monumental heykəltəraşlıq abidələrinə nümunə kimi Sumqayıt şəhərində "N.Nərimanovun abidə büstü" (1964, bürünc), Naxçıvan şəhərində "C.Məmmədquluzadənin heykəli" (1974, bürünc, memar Ənvər İsmayılov), Bakı şəhərində "C.Cabbarlının heykəli" (1982, qranit, memar Yusif Qədimov) əsərlərini göstərmək olar. Sadalanan heykəltəraşlıq abidələri şəhərlərimizin ümumi memarlıq quruluşunun həllində və yerləşdiyi yerlərin məkan plan qruluşları ilə ahəngdarlıq təşkil edir. Həmçinin, şəhər sakinlərinin bədii estetik zövqünün formalaşmasında mühüm rol oynayır.

M.Mirqasımov eyni zamanda, Fəxri xiyabanda AMEA-nın ilk prezidenti, akademik Mirəsədulla Mirqasımovun qəbirüstü memorial abidəsinin də müəllifidir. Həmçinin, bu memorial abidə nümunəsi də özünün bədii xüsusiyyətləri ilə diqqəti cəlb edir.

Heykəltəraş M.Mirqasımov bütöv yaradıcılığı boyu hər zaman yüksək sənət amallarına sadiq qalaraq, uğurlu yaradıcılıq yolu keçmiş və hər zaman bədii estetik zövq aşılayan, nəzər-diqqəti cəlb edən bitkin sənət əsərləri ərsəyə gətirib. XX əsr heykəltəraşlıq sənətimizin tanınmış tədqiqatçısı, sənəşünaslıq doktoru, professor Cəmilə Novruzova heykəltəraşın yaradıcılığı barədə yazıb: "M.Mirqasımovun yaradıcılığında bir-birilə bağlı olan iki istiqamət - hərarətli lirizm və plastikanın güclü forması aydın sezilir. Bu iki istiqamət bir-birilə qırılmaz vəhdətdədir".

Heykəltəraş M.Mirqasımovun bədii yaradıcılıq fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” (1963), “Xalq rəssamı” (1982) fəxri adlarına və müstəqil dövlətimizin "Şöhrət" ordeninə layiq görülüb.

 

Xalq rəssamı, məşhur heykəltəraş Mirəli Mirqasımovun müəllifi olduğu əsərlər var olduqca, sənətkar təsviri sənət tariximizdə həmişə yaşayacaq.

Əsəd Quliyev Sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü

“525-ci qəzet”

Baxış sayı: 479