XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli dilçi alim və bacarıqlı elm xadimi - akademik Tofiq Hacıyev
ÜMÜMİ XƏBƏRLƏR
27/11/2020 01:07

Müasir Azərbaycan dilçilik elminin ən parlaq simalarından, ən görkəmli nümayəndələrindən birifilologiya üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü Tofiq Hacıyevdir.

Tofiq İsmayıl oğlu Hacıyev 1936-cı il may ayının 1-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. O, 1953-cü ildə orta təhsilini doğma Soltanlıda aldıqdan sonra indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olaraq 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və Universitetin aspiranturasında saxlanılıb. Görkəmli dilçi alim akademik Məmmədağa Şirəliyevin rəhbərliyi ilə “Azərbaycan dilinin Cəbrayıl şivəsi” mövzusu üzərində araşdırma aparan gənc tədqiqatçı bu elmi işini 1962-cı ildə namizədlik dissertasiyası səviyyəsində başa çatdırıb və onu uğurla müdafiə edib. Tofiq Hacıyev bu ilk dəyərli tədqiqatında Cəbrayıl şivəsində Azərbaycan dilinin qərb və cənub ləhcələrinin xüsusiyyətlərinin olması qənaətinə gəlib və yeniliyi ilə seçilən bu fikrini elmi şəkildə əsaslandırıb.

TofiqHacıyev 1962-1967-ciillərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda müəllim və dosent vəzifələrində çalışıb, 1968-ci ildən isə Azərbaycan Dövlə tUniversitetində pedaqoji fəaliyyətini davam etdirib. 1969-cu ildə 33 yaşında olarkən “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyasını müdafiə edən T.Hacıyev 1971-ci ildə indiki Bakı Dövlət Universitetinin professoru seçilib. O, 1984-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri vəzifəsində çalışıb. Görkəmli alim bu dövrdə dilçilik, xüsusilə də türkologiya üzrə ciddi elmi araşdırmaların aparılmasına, adı çəkilən sahə üzrə milli kadrların yetişdirilməsi məsələsinə böyük önəm vermiş, səmərəli elmi-pedaqoji fəaliyyət göstərib.

Akademik Tofiq Hacıyevin çoxşaxəli və məhsuldar elmi yaradıcılığında Azərbaycan ədəbi dili və onun tarixi məsələləri xüsusi yer tutur. Yuxarıda da qeyd olunduğu kimi, alimin doktorluq dissertasiyası məhz bu mövzuya - XX əsrin əvvəllərinin Azərbaycan ədəbi dilinin araşdırılmasına həsr olunub. Onun bu məsələ ilə bağlı bir sıra sanballı monoqrafiyaları işıq üzü görüb. “Satira dili”, “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili”, “Sabir: qaynaqlar və sələflər”, “Molla Nəsrəddin”in dili və üslubu” - alimin bu qəbildən olan kitablarıdır. Ədəbi dil tarixi sahəsində böyük nüfuz sahibi olan T.Hacıyev adı çəkilən monoqrafiyalarında XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilinin inkişaf meyillərini, özəl keyfiyyətlərini dərinliyinə və incəliyinə qədər araşdırıb, ümumiləşdirmələr aparıb və elmi yeniliyi ilə seçilən bir sıra mühüm elmi fikirlərini ortaya qoyub. Alim ədəbi dilimizin əski qatları ilə də ciddi şəkildə məşğul olmuş və bu sahədə ilk qələm təcrübəsi olan “Azərbaycan ədəbi dili tarixi (təşəkkül dövrü)” adlı dərslik-monoqrafiyasını 1976-cı ildə ərsəyə gətirib. Respublikamızın ən qabaqcıl təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Universitetinin tələbələri üçün dərs vəsaiti olaraq hazırladığı bu kitabında müəllif milli düşüncə sisteminə söykənərək xalqımızın və onun dilinin qədim tarixi ilə bağlı bir sıra ciddi müddəalarını irəli sürüb və oğuz-səlcuqların Azərbaycana ilk gəlişinin II minilliyin əvvəllərində baş tutduğunu möhkəm elmi dəlillərlə sübuta yetirib. Bu zaman artıq nüfuzu bir ədəbi dil tarixi mütəxəssisi kimi tanınan professor T.Hacıyev ədəbi dilimizin tarixi ilə bağlı araşdırmalarını sonralar da uğurla davam etdirərək bir sıra sanballı monoqrafiya və kitablara imza atıb: Kamil Vəliyevlə birgə hazırladığı “Azərbaycan dili tarixi” (1983), “Azərbaycan ədəbi dili tarixi”, II hissə (1987), Zərifə Budaqova ilə birgə hazırladığı “Azərbaycan dili” (1993). 1991-ci ildə “Elm” nəşriyyatında işıq üzü görmüş “Azərbaycan ədəbi dili tarixi” adlı sanballı kitabın da əsas müəllifi prof. T.Hacıyevdir. Kitabdakı bölmələrin çoxu T.Hacıyevə məxsusdur: “Kitabi-Dədə Qorqud”un dili, “Azərbaycan ədəbi dilinin yazılı dövrü (İnkişaf mərhələləri haqqında)”, “XIII-XVI əsrlər ədəbi dili”, “XVII-XVIII əsrlər ədəbi dili”, “XIX əsr ədəbi dili”, “XX əsrin əvvəllərində ədəbi dil”.

Akademik Tofiq Hacıyevin Azərbaycan ədəbi dil tarixi ilə bağlı ən sanballı elmi araşdırması, 2012-ci ildə “Elm” nəşriyyatında işıq üzü görmüş “Azərbaycan ədəbi dilinin tarixi” adlı iki cildlik dərslik-monoqrafiyasıdır. Ümumi həcmi 900 səhifəyə yaxın olan bu sanballı araşdırma təkcə universitet tələbələri üçün deyil, eyni zamanda ədəbi dil tarixi sahəsində çalışan araşdırıcıların, mütəxəssislərin ən başlıca və mötəbər elmi qaynağı və masaüstü kitabı rolunu oynamaqdadır. 

Füzuli yaradıcılığında, xüsusilə də mütəfəkkir şairin şeir dilində xalq dili ilə yazılı dilin məharətlə çulğaşdığını diqqətə çatdıran müəllif vurğunu olduğu bu böyük söz ustadını ədəbi dilimizin banisi kimi təqdim edib. Yeri gəlmişkən qeyd edək ki, T.Hacıyevin Füzulinin dilinə həsr etdiyi ayrıca bir monoqrafiyası da işıq üzü görüb: “Füzuli: dil sənətkarlığı” (1994).

Yuxarıda qeyd olunduğu kimi, akademik Tofiq Hacıyevin elmi yaradıcılığı çoxşaxəlidir və təkcə dilçiliklə kifayətlənmir, eyni zamanda ədəbiyyatşünaslığın bir sıra sahələrini, mühüm problemlərini də əhatə edir. Bu mənada alimin ana kitabımız olan “Dədə Qorqud” dastanları ilə bağlı monoqrafiya və kitabları, çoxsaylı məqalələri ölkəmizdə qorqudşünaslığın inkişafına öz töhfələrini verib. Alimin ədəbiyyatşünaslıqla bağlı araşdırmaları sırasında AMEA-nın Ədəbiyyat İnstitutunun son zamanlar çapa hazırladığı “Azərbaycan ədəbiyyatı tarixi” kitabının I cildindəki (2006) “Kitabi-Dədə Qorqud”, II cildində (2007) yer alan Orxon-Yenisey kitabələri, Yusif Xas Hacibin “Qutadqu-biliq” əsərləri haqqındakı oçerk-portretləri xüsusilə böyük əhəmiyyət daşıyır və bu yöndəki gələcək araşdırmalar üçün yaxşı bir zəmin rolunu oynayır.

Tofiq Hacıyev tərcümə sahəsində də səmərəli fəaliyyət göstərərək türkologiya və tarixi dilçiliklə bağlı bir sıra dəyərli əsərləri ruscadan dilimizə çevirib. Bu sırada Murad Adcinin “Qıpçaq çölünün yovşanı” və “Dünya və türk: munis tariximiz”, B.Serebrennikov və N.Hacıyevanın birgə müəllifləri olduğu məşhur “Türk dillərinin müqayisəli qrammatikası” kitablarının, eləcə də İbn Mühənnanın “Hilyətül-insan və həlbətül-lisan” lüğətinin tərcümələri böyük elmi əhəmiyyəti ilə seçilir. Qeyd edək ki Atatürk Dil Qurumu B.Serebrennikovla N.Hacıyevanın adı çəkilən kitabını T.Hacıyevin tərcüməsində Ankarada nəşrə hazırlayıb. Onu da əlavə edək ki, T.Hacıyev bu tərcümələrinin çoxuna dəyərli ön söz və elmi sərhlər yazıb və türkologiya ilə bağlı bir sıra məsələləri ətraflı şəkildə işıqlandırıb.

Akademik Tofiq Hacıyevin ölkəmizdə kadr hazırlığı sahəsində də böyük xidmətləri olub. Onun rəhbərliyi ilə 6 nəfər filologiya üzrə elmlər doktoru və 30 nəfərə yaxın fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə ediblər. Tanınmış dilçi alimlərdən AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professorlar Elbruz Əzizov, Ramiz Əskər və başqaları akademik Tofiq Hacıyev məktəbinin istedadlı yetirmələri və layiqli təmsilçiləridir.

Görkəmli türkoloq alim Tofiq Hacıyevin Azərbaycan dilçiliyi sahəsindəki səmərəli fəaliyyəti və yüksək xidmətləri ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilib. O, 1999-cu ildə Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin Fərmanı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. T.Hacıyev 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. Professor Tofiq Hacıyev 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

Azərbaycan Yazıçılar Birliyinin və onun Ağsaqqallar Şurasının üzvü olan Tofiq Hacıyev ömrünün sonlarında - 2013-2015-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik edib. Bu müddətdə Dilçilik İnstitutunun elmi-tədqiqat işləri istər keyfiyyətcə, istərsə də kəmiyyətcə yüksəlmiş və müəssisədə bir sıra yeni elmi şöbələr fəaliyyətə başlayıb.

Akademik Tofiq Hacıyev hələ sağlığında Azərbaycan dilçilik elminin ən yüksək zirvəsində özünə möhkəm yer tutan, məktəb yaradan ən görkəmli Azərbaycan alimlərindən biridir. 

Möhsün Nağısoylu

AMEA-nın müxbir üzvü, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru

525-ci qəzet.- 2016.- 21 may.- S.23

Baxış sayı: 584