XƏBƏRLƏR
MƏLUMAT
“CawaMedia” agentliyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblından yazıb
ÜMÜMİ XƏBƏRLƏR
15/05/2024 12:09

İsveçin “CawaMedia” agentliyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına həsr olunmuş məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən 1938-ci ildə yaradılan ansambla müxtəlif illərdə Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli kimi tanınmış bəstəkarların rəhbərlik etdikləri vurğulanır. Sonralar dövlət ansamblına Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun adı verilib.

Məqalədə, həmçinin ansamblın xoreoqrafiya kollektivinin yetişdirdiyi Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova və digər adlı-sanlı rəqs ustadlarından söhbət açılır.

Müəllif ansamblın ifa etdiyi və Azərbaycanın zəngin musiqi mədəniyyətinin ən gözəl nümunələrini təcəssüm etdirən milli rəqslərlə, mahnılarla və xor əsərləri ilə yaxından tanış olmaq üçün oxuculara Bakıda ansamblın konsertində olmağı tövsiyə edir.

Baş ofisi Stokholmda yerləşən “CawaMedia” agentliyi milli media nümayəndələrini birləşdirir və bütün dünyada kütləvi informasiya vasitələri və tanınmış fotojurnalistlər ilə fəal əməkdaşlıq edir.

Baxış sayı: 124