XƏBƏRLƏR
MƏLUMAT
Bu gün SSRİ Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
15/05/2023 00:33

Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti açılıb. Onu Həsən Bəy Zərdabinin ailə qurmayan qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb. Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Raufun bəstəkarlıq sahəsində formalaşmasında Ü.Hacıbəylinin mühüm əhəmiyyəti var. Raufun fortepiano üçün pyeslərini ("Tarantella", "Dağıstan", "Ləzgihəngi") dahi bəstəkar Üzeyir bəy yüksək qiymətləndirib və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələyib.

Onların arasında xüsusilə "Samur", "Mingəçevir", "Gənclik marşı" ona şöhrət gətirmişdir. "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və i.a. qeyd etmək olar.

O, 15-ə qədər filmə musiqi yazıb. Hər filmdə olduqca çox musiqi parçaları mövcuddur. "Əhməd haradadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar" və s. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirilməsi ilə fərqlənir.

1960-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayır. Bunun nəticəsində R.Hacıyev əvvəl iki xoreoqrafik miniatür – "Ləzgihəngi" və "Yallı"nı bəstələyir.

1971-ci ildə R.Hacıyev xaricə işləməyə gedir. O, Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edir.

Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar R. Hacıyev və onun həmkarları istər Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışırlar. Burada Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə "Üç inqilab" adlanan baletini bəstələyir. Bu baleti Əlcəzair tamaşaçıları böyük rəğbətlə qarşılayıblar. Əsərdə əsarətdən azad olmuş Əlcəzair xaqlının yeni həyat quruculuğuna qədəm qoymasından söz açılır. İlk baletin uğurlarından ruhlanan Hacıyev daha sonra "Alov" və "Hürriyyət" adlı baletlərini də inqilab mövzusuna həsr edir. Baletdə Əlcəzair xalqının müstəqillik uğrunda mübarizəsindən söz açılır.

Görkəmli ictimai xadim Rauf Hacıyev 1995-ci ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Görkəmli bəstəkarımız Rauf Hacıyev dünyasını dəyişsə də, onun musiqisi daim yaşayır və xalqımızın estetik baxımdan formalaşmasında, tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayır.

Baxış sayı: 257