XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan “Tours Dil Festivalı”nda təmsil olunub
ÜMÜMİ XƏBƏRLƏR
28/11/2023 09:41

Fransadakı səfirliyimizin dəstəyi ilə Azərbaycan Tours şəhərində təşkil edilmiş “Dil Festival”ında təmsil olunub.

AZƏRTAC xəbər verir ki, festivalda 50 ölkə iştirak edib.

Festivalda Eşqi Camalovun təqdimatında Azərbaycan mədəniyyəti iştirakçılara çatdırılıb.

Tədbirdə Azərbaycan səfirliyi tərəfindən mədəniyyətimizə, milli mətbəximizə dair kitablar, eləcə də ölkəmizin coğrafiyasını, milli geyimlərimizi əks etdirən açıqcalar nümayiş olunub. Festivalda Naxçıvan milli forması ilə təqdim olunan stendimizdə Ordubad sucuğu ziyarətçilər tərəfindən çox bəyənilib. Həmçinin Azərbaycan mətbəxinin dadlı təamlarının resepti, milli bəzək nümunələri nümayiş olunub və ziyarətçilərə hədiyyə edilib.

Festival çərçivəsində Azərbaycan dili və Şərur köçəri yallısına dair məlumat verilib. Ziyarətçilər, eləcə də Tours şəhərində yaşayan soydaşlarımız yallı rəqsinə qoşulublar. Yerli ictimaiyyətin nümayəndələri Şərur köçəri yallısını çox seviblər.

Qeyd edək ki, “Tours Dil Festivalı”nda Azərbaycan stendinin təşkilatçısı Eşqi Camalov Poitiers Universitetində İKT üzrə müəllim işləyir.

Stendimizin təşkilində məqsəd ana dilimizi və mədəniyyətimizi Tours sakinlərinə, eləcə də festival ziyarətçilərinə tanıtmaqdır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Tours

Baxış sayı: 180