XƏBƏRLƏR
MƏLUMAT
Avey qəhrəmanı Vəfa Dəmirçioğlunun anadan olmasının 55 illiyi qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
15/11/2021 07:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialının nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağı Həzi Aslanov adına Zabitlər Evinin kitabxanası ilə birlikdə Zabitlər Evində Qazax rayonu, Daş Salahlı kəndinin ilk və yeganə könüllü xanım döyüşçüsü, Avey qəhrəmanı Vəfa Dəmirçioğlu Qayalının (Mansurova) 55 illik yubileyini qeyd edib.

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanıb, daha sonra Azərbaycan bayrağı ucaldılıb, Dövlət Himni səsləndirilib.

Sonra Zabitlər Evi nəzdində fəaliyyət göstərən kitabxananın müdiri, Əməkdar mədəiyyət işçisi Zəminə Xınalı, filial müdiri Turanə Əmirova qonaqları salamlayıb və bu gün dövlət səviyyəsində şəhidlərin ruhuna böyük ehtiram göstərildiyini bildiriblər.

Tədbirdə “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Taleh, “Azərbaycan” jurnalının baş redaktor müavini, şair-publisist Əsəd Cahangir, Təbrizdə çıxan “Mişov Dağı” dərgisinin təsisçisi, baş redaktoru Akşın Ağkəmərli, Qazax Xeyriyyə Cəmiyyətinin nümayəndəsi Səbinə Yusifova, Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, filoloq-yazıçı Məlahət Qəmbərova, həkim-şair Zakir Ağdamlı, “Azad Qələm” qəzetinin təsisçisi, baş redaktoru Nəcibə İlkin, filialın kitabxanaçısı Esmira Zülfüqarova, gənc şairlər Pərvanə Salmanqızı, Elmar Sahib və başqaları Vəfa Dəmirçioğlunun döyüş yolu, qəhrəmanlıqları, Vətən sərhəddini gözü kimi qoruması, ərazi bütövlüyümüz uğrunda canından keçməsi, hər cür əzab-əziyyətlərə qatlaşması haqqında söhbət açıblar.

Bildirilib ki, Vəfa Dəmirçioğlu Qayalı (Mansurova Vəfa Dəmirçi qızı) 23 iyul 1966-cı ildə Qazax rayonunun Daş Salahlı kəndində tibb işçisi ailəsində anadan olub. 1973-1983-cü illərdə kənddəki 2 nömrəli orta məktəbdə təhsil alıb. Anasını vaxtsız itirən Vəfa Dəmirçioğlu ailədə anasız böyüyən 6 qız uşağının 5-cisi idi. O, düşüncəsi, təəssübkeşliyi, zirəkliyi ilə həmişə seçilib. O, orta məktəbi bitirdikdən sonra arzusu tarixçi olmaq idi. Sənədlərini Bakı Dövlət Universitetinin tarix fakültəsinə versə də, imtahana yox, cəbhəyə yola düşüb. Doğma Daş Salahlı kəndini qoruyub.

Demək olar ki, boşalmaqda olan kəndin təzədən canlanmasında, düşmənə qarşı ayıq-sayıq dayanmasında böyük fədakarlıqlar göstərib. O, Qazaxda “Satılmış”, “Üç gül”, kənddə “Avey” deyilən ərazilərdə günaşırı keşikçi dəstələrinin tərkibində keşik çəkib, özünümüdafiənin güclənməsində oğlanlarla, kişilərlə yanaşı ayıq-sayıq dayanıb. Hətta təklifləri, təəssübkeşliyi, cəsarəti ilə həmişə seçilib. Hər kəs: “Vəfa kənddədi, erməni bizə bata bilməz, igidlərimiz qoymaz!” - deyirdilər! “Dəmirçi kişinin bir bildiyi var, Vəfa burdadır!” - deyərək, oğul evləndirir, qız köçürür, təzə evlər tikirdilər.

Tədbirdə Yasamal rayonunun Telman Abbsov adına 225 nömrəli tam orta məktəbinin şagirdləri, Nərimanov rayonunun S.M.Pişəvəri adına Humanitar Fənlər Liseyinin şagirdləri qəhrəmana həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Qəhrəmanın bacısı, filial nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının rəhbəri, şair-publisist Zərəngiz Dəmirçi Qayalı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. O, ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin və onun layiqli kadrlarının rayonlarda şəhidlərə qayğısından danışıb. Vəfanın vəfatından 19 il sonra, Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun dəstəyi ilə Qazaxda, Şəhidlər Xiyabanının görkəmli bir yerində bu igid qəhrəmanın adına “Şəhidlərin qız qardaşı-Vəfa Mansurova (Dəmirçioğlu)” bulaq xatirə-kompleksi inşa olunduğunu söyləyib. Ailəsi, nəsli və el-obası adından bacısına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Zərəngiz Dəmirçi Qayalı bildirib ki: “Mən fəxr edirəm ki, belə bir qəhrəmanın bacısıyam. XX əsrin sonlarında, Vəfa Dəmirçioğlu bir çox igid, qəhrəman Azərbaycan xanımlarının, sərkərdə, döyüşçü el qızlarının, sələflərinin igidlik səhifəsini yeniləyərək, tarixdə yeni bir silinməz qəhrəmanlıq səhifəsi yazdı. Bu yüz illərlə yaşayacaq bir ömür səlnaməsidir!”

“Qafqaz Media” İctimai Birliyinin sədri Hacı Azadə Taleh Vəfa Dəmirçioğlunu ölümündən sonra “Nur üzlü şəhidim” medalı ilə, Zəminə Xınalı isə Zərəngiz Dəmirçi Qayalını redaktoru olduğu “Əsgər ocağı” qəzetinin eyniadlı diplomu ilə təltif ediblər.

Sonda Zabitlər Evinin solistlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Tədbir haqqında məlumatla aşağıdakı keçidlərdən tanış ola bilərsiniz:

https://www.facebook.com/100029338370956/posts/657377281916878/

https://www.instagram.com/p/CWSqqB9gigx/?utm_medium=share_sheet

Baxış sayı: 178