XƏBƏRLƏR
MƏLUMAT
Alternativ Kino Akademiyası təsis edilib
ÜMÜMİ XƏBƏRLƏR
04/04/2024 17:17

Mədəniyyət Nazirliyinin nəzdindəki Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino Akademiyası təsis edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, layihənin kuratorluğu ARKA-nın əməkdaşı, tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərova həvalə olunub.

“Nizami” kinoteatrında Alternativ Kino Akademiyasının ilk tədbiri keçirilib. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən ARKA-ya təqdim olunan 16 tələbənin layihəsindən 7-nin təqdimatı baş tutub.

Elxan Cəfərovun və ARKA-nın əməkdaşlarının iştirakı ilə keçirilən təqdimatda Xəyal Rzanın “Allaha Salam”, Şirin Əhmədovun “Sürəyyanın 32-ci günü”, Mirhafiz Həsənovun “Çağırılmamış qonaq”, Məhəmməd Məmmədovun “Qayıtdım”, Elmar Fərzəliyevin “Düşmüş mələk”, Araz Quliyevin “İkinci nəfəs” və Mirzahid Ağayevin “İnam” layihələri nümayiş etdirilib.

Qeyd edək ki, Alternativ Kino Akademiyasının yaradılmasında əsas məqsəd tələbə kinematoqrafçıların yaradıcılıq fəaliyyətinə təşviqi, kinoda yeni məzmunun yaradılması, kino vasitəsilə xaricdə milli-mənəvi dəyərlərin çatdırılması üçün işlərin görülməsidir. Həmçinin qarşıya qoyulmuş hədəflərə çatmaq üçün ARKA tərəfindən inzibati, yaradıcı məsələlərin təkmilləşdirilməsi, yerli və beynəlxalq festivallarda iştirakın təşviqi, məzmun keyfiyyətinin artırılması, qlobal kino cərəyanlarının təhlili, müasir yerli kino cərəyanlarının yaradılması, sənədləşmə proseslərində operativliyin tətbiqi nəzərdə tutulur.

Baxış sayı: 115