az
Bütün xəbərlər

26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günüdür

26-06-2018, 09:00
26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günüdür


“Narkomaniya” yunan sözü olub, narko - bihuşluq, maniya - isə asılılıq deməkdir. Narkomaniya cəmiyyətin meydana gəldiyi, onun ayrı-ayrı siniflərə, sosial təbəqə və qruplara bölündüyü qədim zamanlardan yaranmışdır.

Qədim misirlilər tiryəkdən həvəsləndirici, eləcə də sakitləşdirici vasitələrin hazırlanmasında istifadə etmişlər.

Tiryəkdən ilk dərman XVI əsrdə alınmış və onu icad edən isveçrəli həkim Paraselsin şərəfinə adlandırılmışdır. Sonralar isə bunun zəhərli maddə kimi orqanizmə əks təsirini, ölümə səbəb olduğunu müəyyənləşdirmişlər.

Narkotik - mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddədir. O toksik maddə olduğundan insanın bütün orqanizminə, ürək-damar sistemindən tutmuş, sinir sisteminə qədər mənfi təsir göstərərək, onun xarakterini dəyişir, xəstə özünü idarə edə bilmir. Orqanizm zəifləyir, bədən arıqlayır, insanın fiziki gücü tükənir. Bu da son nəticədə aqressivliyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxarır. Uzun illərin araşdırmaları göstərir ki, narkomanlıq insanı həqiqətən də fiziki və ruhi cəhətdən şikəst edir, onun ömrünü qısaldır.

Erkən yaşından narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il olur. Narkoman narkotik maddələr qəbul edərkən, ən azı 10-15 nəfəri də narkomanlığa cəlb edə bilər.

BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur. Ayrı-ayrı dövlətlər ildən-ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirmək və bu sahədə yeni mübarizə üsullarını kəşf etmək istiqamətində səylərini artırırlar. Fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq çərçivəsində bu problemə qarşı birgə mübarizə aparılmasına baxmayaraq, dünya üzrə narkomaniyaya düçar olanların sayı ildən-ilə artmaqdadır. Müxtəlif adamlar tərəfindən eyni iynədən venadaxili narkotik maddə qəbul etməyə görə 90 faiz narkoman QİÇS xəstəliyinə yoluxmuşdur. Son illər Respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığı xeyli artırmışdılar.

baku-art.az
Oxunma sayı : 220