XƏBƏRLƏR
MƏLUMAT
“Zəfər mənimdir” kitabının təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/01/2024 11:39

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının “Zəfər mənimdir” kitabının təqdimatı keçirilib.

Yasamal rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş təqdimatda şəhid ailələri, qazilər, veteranlar, şair və yazıçılar, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edənlər kitab haqqında qısa məlumat veriblər.

Kitabın müəllifi Sevinc Ağaxəlil qızı çıxışında qeyd edib ki, “Zəfər mənimdir” kitabı onuncu kitabıdır. Kitabda Qarabağ münaqişəsi, Vətən müharibəsi, eləcə də 23 saat davam edən əməliyyatda baş verən hadisə və mövzulardan bəhs edilir.

Bədii hissədə “Mehriban” mahnı və rəqs kollektivinin üzvləri tərəfindən mahnılar və rəqslər təqdim olunub. Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Milli Konservatoriyasının məzunu İslam Qasımov və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti Günay Məmmədova M. Maqomayevin “Azərbaycan” və Əhməd Cavadın sözlərinə yazılmış “Şükriyyə” mahnılarını duet şəklində ifa ediblər. Kitabxana əməkdaşları isə şeirlər səsləndiriblər.

Təqdimatda həmçinin kitabxana tərəfindən hazırlanmış və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinə həsr olunmuş videoçarx, “Cənab leytenant” mahnısının klipi  nümayiş olunub. 

Sonda şair Sevinc Ağa Xəlilqızı müəllifi olduğu “Azərbaycan” şeirini söyləyib.  

Qeyd edək ki, kitab ”Kitabxanaya kitab hədiyyə edirik” layihəsi çərçivəsində Yasamal rayon MKS-nin kitabxanalarına hədiyyə edilib.

Videoçarx və “Zəfər mənimdir” kitabı aşağıdakı keçidlərdə yerləşdirilib:

https://www.youtube.com/watch?v=TD0fgjbMlig

https://drive.google.com/file/d/1UQ908xIN2Erpg3UgYDGl36iv53YEYEAl/view?usp=drivesdk

Baxış sayı: 210