XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “Zülfüqar Hacıbəyov -140” adlı kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
17/04/2024 11:50

Milli Kitabxanada Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun doğum günü münasibətilə “Zülfüqar Hacıbəyov -140” adlı kitab sərgisi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərləri, həyatı haqqında, Azərbaycan klassik musiqisinin formalaşmasında, opera sənətinin, eyni zamanda, musiqi teatrının təşkili və inkişafında Zülfüqar Hacıbəyovun rolundan bəhs edən kitablar Azərbaycan və rus dillərində nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

Yaradıcılığa mahnı janrı ilə başlayan Zülfüqar Hacıbəyov geniş şöhrət qazanıb. XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnılarındandır.

Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – “50 yaşında cavan” (1910) əsərinin müəllifidir. Mətni də, musiqisi də özünə məxsus olan operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır.

Bəstəkarın xalq musiqisi ilə Avropa musiqisini birləşdirən “Aşıq Qərib” operası o vaxt ictimai-mədəni həyatda böyük marağa səbəb olub.

Musiqili Teatrın əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Zülfüqar Hacıbəyovun respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Onun arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var.

Baxış sayı: 91