XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar artist Yaqub Zurufçunun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
08/04/2024 11:45

Yaqub Zurufçu 1956-cı ilin aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. 7 yaşında Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub, elə o illərdə Təbrizin uşaqlar proqramında iştirak edib və "Cücələrim" mahnısı həm Azərbaycanda, həm də İranda dillər əzbəri olub. 11 yaşında isə xalq mahnıları və bəstəkar mahnıları ilə tez bir zamanda tanış olan və məharətlə ifa edən Yaqub Zurufçu, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnılarını ifa edib.

Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsilinə başlayıb. Eyni zamanda Tehran operasının xorunda öz musiqi fəaliyyətini davam etdirib. 1979-cu ildə İranda xalq inqilabından 1 il sonra-1980-ci ildə İranı tərk edib. Almaniyaya köçən müğənni öz musiqi təhsilinə Hamburq şəhərində başlayıb və vokal sənəti üzrə bakalavr diplomunu, daha sonra Amerikanın Florida ştatının Miami şəhərində isə Miami Universitetində vokal sənəti üzrə magistr diplomunu alıb.

Ürəyində Azərbaycan musiqisi sevdası olan Yaqub Zurufçu hər zaman milli musiqi ruhuyla yaşayıb və Azərbaycana gəlmək ən böyük arzularından biri olaraq qalıb. Nəhayət, 1989-cu illərin əvvəllərində Azərbaycanın məşhur müğənnilərindən biri, Xalq artisti Gülağa Məmmədov Almaniyada olanda Yaqub Zurufçunun “Ayrılıq” mahnısına çəkmiş olduğu sadə klipi görüb heyrətə gəlib. Azərbaycanın Cənubi və Şimali Azərbaycan adlı hissələrə ayrılmasına həsr edilən klipi Azərbaycana gətirib və televiziyada yayımlayıb. “Ayrılıq” mahnısı Azərbaycanın milli mənəvi dirçəlişinə yön verərək, Azadlıq hərəkatı zamanında da çox sevilib və 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, “Vətən” Cəmiyyətinin köməyi ilə müğənni ilk dəfə Azərbaycana gəlib.

O, ABŞ vətəndaşı olmaqla bərabər 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığını da alıb. 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" adına layiq görülüb.

Yaqub Zurufçu 14 sentyabr 2021-ci ildə 65 yaşında vəfat edib.

Baxış sayı: 148