XƏBƏRLƏR
MƏLUMAT
Bu gün tanınmış rejissor Tofiq İsmayılovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
06/04/2024 11:35

Milli kino sənətimizin inkişafında xidmətləri olan tanınmış simalardan biri də kinorejissor, Xalq artisti, professor Tofiq İsmayılovdur. Onun filmlərinin hər birinin öz maraqlı süjeti, rejissorun mövzulara özünəməxsus yanaşma tərzi var. Tofiq İsmayılov Azərbaycan kino sənətinə dəyərli filmlər bəxş etməklə yanaşı, pedaqoji fəaliyyəti ilə də neçə-neçə tələbə yetişdirib.

AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti, professor Tofiq İsmayılovun anadan olmasından 85 il ötür.

Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Bakı şəhər 190 nömrəli tam orta məktəbi bitirib. M.A.Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsində, sonra Rejissorluq fakültəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlayıb. Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, “Azərbaycanfilm” studiyasında rejissor köməkçisi, orada bədii təlimlər rejissoru vəzifələrində çalışıb. Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil alıb. Sonra “Azərbaycanfilm” studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləyib. Tofiq İsmayılov bir müddət “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən “Kinoaktyor” studiyasının bədii rəhbəri olub. 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq kafedrasında müəllim kimi çalışıb, kafedranın müdiri olub. 1994-2006-cı illərdə dəvət əsasında Türkiyənin Memar Sinan İncəsənət Universitetində professor işləyib. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. 2007-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

Onun “Sənətkarlığımızın portreti” silsiləsindən çəkilmiş bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə kimi mədəniyyət və incəsənət xadimlərinin yaradıcılığına həsr edilib. Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirib. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunub. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi “Ağ dəsmal” 1962-ci ildə “Göyərçin” jurnalında dərc edilib.

Tofiq İsmayılov 2016-cı il martın 25-də Bakı şəhərində vəfat edib.

Baxış sayı: 166