XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalında təmsil olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
01/05/2024 09:28

Mayın 2-də Trabzonda öz işinə başlayacaq XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalının proqramına Türkiyənin 11 bölgəsindən olan kollektivlərlə yanaşı, Azərbaycan, Gürcüstan, Qazaxıstan, İspaniya və Yunanıstandan olan sənət ustalarının çıxışları daxil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Trabzon Dövlət Teatrının direktoru Əhməd Uzuner məlumat verib.

Onun sözlərinə görə, festival Trabzon Dövlət Teatrının quruluşunda “Cənab Puntila və onun xidmətçisi Matti” komediya tamaşası ilə açılacaq.

Trabzon sakinləri və tədbirin qonaqları festival çərçivəsində 25 tamaşaya baxa biləcəklər.

Teatrın direktoru vurğulayıb ki, gənc nəslin teatr sənətinə marağının artırılması məqsədilə uşaq tamaşalarına xüsusi diqqət yetiriləcək.

Türkiyə Dövlət Teatrları İdarəsinin təşkilatçılığı ilə keçirilən festival mayın 15-dək davam edəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

 

Baxış sayı: 114