XƏBƏRLƏR
MƏLUMAT
Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
18/04/2024 15:45

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə bu günün tarixi əhəmiyyətindən bəhs edən materiallar - virtual kitab sərgisi və biblioqrafik icmal hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda rəsmi sənədlər, görkəmli şəxsiyyətlərin tarixi və mədəniyyət abidələri haqqında söylədikləri dəyərli fikirlər, yaşı əsrləri və minillikləri əhatə edən, dünyada analoqu olmayan, ölkəmizin maddi daşınmaz sərvəti hesab edilən tarixi abidələr – Azıx mağarası, Qobustan, Qız qalası, Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar, Şəki xan sarayı, Əlincə və Girdiman qalaları haqqında geniş məlumat verilir, Şuşa şəhərinin abidələrinin nəinki Şərq, hətta dünya memarlığının ən gözəl inciləri hesab olunduğu qeyd edilir.

Virtual kitab sərgisində tarixi abidələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri tədbirlər, layihələr haqqında geniş məlumat verilir.

Materiallarda “Sehrli abidələr”, “Qərbi Azərbaycan abidələri”, “Naxçıvanın tarixi abidələri”, “Şuşanın maddi-mənəvi irsi epiqrafik abidələr əsasında”, “Lənkəran bölgəsinin tarixi-memarlıq abidələri”, “Azərbaycanın dünya əhəmiyyətli abidələri”, “Şərqin tarixi abidələri” və s. kimi 20-dən çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası, dövrü mətbuat nümunələri təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda tarixi abidələr haqqında yazılı məlumatlarla yanaşı onların foto və videogörüntüləri də yer alır.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/tarixi-abidelerin-muhafizesi -gunuhttps://ryl.az/funds/biblioqrafik-icmal  yerləşdirilib.

 

Baxış sayı: 113