XƏBƏRLƏR
MƏLUMAT
“Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının VII qurultayının açılış mərasimi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/12/2023 12:24

Dekabrın 22-də Ulu Öndər Heydər Əliyevin 100 illiyi və “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının (AMA) 30 illik yubileyi münasibətilə “Holiday İnn Baku” mehmanxanasında “Simurq” AMA-nın VII qurultayının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Assosiasiyanın xarici üzvləri - Sülh Mədəniyyəti İnstitutunun (UNESCO) rektoru, “Avropa-Asiya” Beynəlxalq Akademiyasının prezidenti, “Simurq” AMA-nın vitse-prezidenti, akademik Engel Tağırov, “Sivilizasiyaların dialoqu” Açıq Universitetinin prezidenti, Sühəyl Fərəh, Dünya Söz Akademiyasının prezidenti, akademik Hayrəttin İvgin də iştirak ediblər.

“Simurq” AMA-nın prezidenti, professor Fuad Məmmədov çıxış edərək Assosiasiyanın 1990-cı ilin aprelində təhsil və maarifçilik nailiyyətlərini inkişaf etdirmək məqsədilə yarandıldığını bildirib. Qurumun görkəmli nümayəndələri tərəfindən Azərbaycan xalqının ruhi mədəniyyətinə vətəndaş yardımı üçün təsis edilən yeni tipli, ilk çoxşaxəli qeyri-hökumət mədəniyyət təşkilat olduğunu qeyd edən professor söyləyib: “Assosiasiya innovativ mədəniyyət konsepsiyalarını hazırlayıb, Azərbaycanda və xaricdə üç yüzdən çox elmi maarifləndirici layihələr, konfrans, seminar, mühazirə və ustad dərsləri həyata keçirib. Qurultay ərəfəsində Assosiasiya təşkilatın fədailərinin 30 ildən artıq yaradıcılıq fəaliyyətini əks etdirən “Ruhi mədəniyyətin inkişafına xidmət” adlı fundamental əsər nəşr edib".

Tədbirdə assosiasiyanın ən fəal azərbaycanlı və xarici üzvlərinə medallar, diplomlar və təşəkkürnamələr verilib.

Xalq rəssamı, “Heydər Əliyev” ordeni laureatı, akademik Ömər Eldarova "Simurq" Mədəniyyət Assosiasiyasının rəmzi olan Simurq quşu heykəli təqdim olunub.

Mərasimdə “Simurq” AMA-nın yubileyinə həsr olunmuş film nümayiş etdirilib.

Daha sonra alim və tədqiqatçıların müəllifi olduğu kollektiv monoqrafiya təqdim olunub.

Baxış sayı: 224