az
Bütün xəbərlər

“Cəfər Cabbarlı Mükafatı” təqdim olundu

17-04-2010, 10:51
“Cəfər Cabbarlı Mükafatı” təqdim olundu

Aprelin 16-da, saat 17.00-da R.Behbudov adına Mahnı Teatrında C.Cabbarlının ev-muzeyinin layihəsi əsasında “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi”nin iştirakı və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı Mükafatı”nın təqdimetmə mərasimi keçirildi. Mükafat böyük yazıçının yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim olundu. Tədbirdə C. Cabbarlının ailə üzvləri, Cabbarlışünaslar iştirak etdilər. Qeyd edək ki, mükafatlar 15-20 nominasiya üzrə müəyyənləşdirilmişdi:

- C.Cabbarlı əsərlərinin və ya başqa müəlliflərin ən yaxşı səhnə təcəssümünə;
- C.Cabbarlı əsərlərinin və ya başqa müəlliflərin ən yaxşı rejissor yozumuna;
- Qadın və kişi rolunun ən yaxşı ifasına (teatr və kino sahəsində);
- Ən yaxşı müsbət və mənfi obrazın ifasına görə;
- C.Cabbarlı haqqında yazılmış ən yaxşı tədqiqat əsərlərinə görə;
- Ən yaxşı pyesə;
- Ən yaxşı nəsr əsərinə;
- Ən yaxşı şeirlər kitabına görə;
- C.Cabbarlının şeirinə bəstələnmiş musiqi əsərinə görə.

Ən yaxşı pyesə görə Salatın Əhmədli, şair-publisist Fəridə Ləman, Səidə Musabəyli, Qafar Əsgərzadə, teatr sahəsi üzrə Əminə Yusifqızı, Laləzar Mustafayeva, İlham Əsgərov, Yaşar Nuri, Ramiz Məlikov, Aydın Kazımzadə, Həmidə Ömərova, Ələkbər Muradov, Rafiq Əzimov, Sabir Məmmədov, Ramiz Məmmədov, rejissor işinə görə Bəhram Osmanov, ədəbiyyat və teatr sahəsindəki tədqiqatlara görə Asif Rüstəmli, Rəhim Əliyev, İlham Rəhimli, Hamlet İsaxanlı, bəstəkarlar Vüqar Camalzadə, Elçin İmanov və başqaları müxtəlif nominasiyalarda Cəfər Cabbarlı mükafatına layiq görülüblər.

Sevinc İsmayıl
Oxunma sayı :