az
Bütün xəbərlər

Bu gün Azərbaycanlı kinorejissor Tofiq Tağızadənin doğum günüdür

7-02-2019, 10:15
 Bu gün Azərbaycanlı kinorejissor Tofiq Tağızadənin doğum günüdür

Tofiq Mehdiqulu oğlu Tağızadə (7 fevral 1919 - 27 avqust 1998) - Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, Azərbaycanın (1960) və Çeçenistanın (1964) əməkdar incəsənət xadimi, Azərbaycan SSR xalq artisti (1976).

Tofiq Mehdiqulu oğlu Tağızadə 7 fevral 1919-ci ildə Bakı şəhərində anadan olub.

1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb.

Bir çox filmlərin quruluşçu rejissoru olmuşdur. Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.

Tofiq müəllim "Görüş"lə gəldi sənətə. "Görüş" onu əbədi olaraq bu sənətə bağladı. Ömrünün 40 ilə yaxın bir dövrünü kinoda keçirdi. Kino tariximizdə Tofiq Tağızadənin məxsusi yeri var. O, çəkdiyi filmlərdə professional kimi özünü təsdiq edib. Bu filmlərdə Azərbaycanın tarixi də, mədəniyyəti də, məişəti də çox sənətkarcasına öz həllini tapıb. Və bu gün bu filmlər əsl məktəbdir, onlardan çox şey öyrənmək, əxz etmək mümkündür.

Tofiq Tağızadə o sənətkarlardandır ki, onun yaradıcılığı xalqımızın taleyi ilə sıx surətdə bağlıdır. O, "Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı səngiməmişdir. "Dədə Qorqud" vətən, millət, bəşəri dəyərlər haqqında filmdir.

"Mən ki gözəl deyildim" filmi isə müharibə haqqında düşüncələrdir. Bu düşüncələrin real obrazları var. Gənclikləri müharibənin amansız qanunları məngənəsində boğulan Səidələrin, Məzahirlərin canlı surətləri var burada. Əslində film insan taleləri haqqındadır. Hansı məqamda olursa-olsun insan yaşamağa can atır. Tofiq müəllim bu filmində zamanın obrazını yaradıb. Bu motivlər filmdə elə vəhdətdə birləşib ki, çox canlı bir harmoniya yaradıb.

Tofiq Tağızadə bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olub.

T.Tağızadə Ü.Hacıbəylinin eyniadlı musiqili komediyası əsasında 1965-ci ildə çəkilmiş genişformatlı, rəngli "Arşın mal alan" bədii filminin quruluşçu rejissorudur.

Ömrünün son illərində xüsusi studiya yaratmışdı. İşləmək istəyirdi, lakin amansız ölüm onu aramızdan tez apardı. T.Tağızadə 27 avqust 1998-ci ildə Bakıda vəfat etmişdir. Bu böyük sənətkarın xatirəsi kinonu sevənlərin qəlbində əbədi yaşayacaqdır.

baku-art.az
Oxunma sayı : 207