“Uşaqlara Sayğı ilə...”

2009-cu il 20 noyabr tarixində “Birliyə doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi “Uşaqlara Sayğı ilə...” adı altında 20 Noyabr Beynəlxalq Uşaq Hüquqları Konvensiyası Gününə həsr olunmuş xeyriyyə-satış sərgisi keçirməyi planlaşdırır. Satış-sərgisi saat 10:00-dan 20:00-dək davam edəcək.

Sərgini keçirməkdə əsas məqsəd “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara İctimai Birliyi tərəfindən əlil və kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş təhsillə bağlı bir sıra layihələrin gerçəkləşdirilməsi və artıq həyata keçirilmiş layihələrin davam etdirilməsi üçün lazım olan maddi bazanı təşkil etməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, “Birliyə Doğru” ictimai birliyi kimsəsiz uşaqlar üçün kompyuter kursları, ingilis dili kursları, rəsm və kimsəsiz qızlar üçün tikiş kurslarının icrasına artıq başlayıb, lakin bu layihələrin davam etdirilməsi üçün müəyyən qədər maddi vəsait tələb olunur. Bu layihələr uğurla davam etdirilir. Qeyd edilən təhsil kurslarından əlavə “Birliyə doğru” ictimai birliyi tərəfindən kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş “Abituriyent kursları” və “İnternat-məktəbini bitirmiş gənclərin işlə təmin olunması layihəsi” də bu xeyriyyə sərgisindən yığılan maddi vəsait hesabına təşkil olunacaq.

Xeyriyyə sərgisində 100-ə yaxın firma və şirkət öz mallarının satışı və reklamı ilə məşğul olacaq. Sərgidə maraqlı xeyriyyə aksiyaları, kimsəsiz uşaqların əl işlərindən ibarət hərrac təşkil ediləcək.

Sevinc İsmayıl