XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq və Gənclər Teatrı 20 illik yubileyi münasibətilə “20 il 20000 addım” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2022 06:33

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı 20 illik yubileyi münasibətilə yerləşdiyi Suraxanı rayonunda “20 il 20000 addım” adlı tədbir keçirib.

Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, Suraxanı rayon Gənclər evinin fəal gəncləri və rayon sakinləri iştirak ediblər.

Tədbirdən öncə Suraxanı rayon Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstəsi qoyulub. Daha sonra Suraxanı rayon İcra Hakimiyyətinin qarşısında yerləşən parkda bayram əhval ruhiyyəlişou proqram təqdim olunub. Müxtəlif musiqi nömrələri, Tofiq İsgəndərlinin iştirakı ilə illuziya və səhnəciklər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar artisti İntiqam Soltan Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidova teatrın fəaliyyətində yaxından göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva çıxış edərək Bakı Uşaq və Gənclər Teatrının fəaliyyətinə müsbət münasibətini ifadə edərək ölkə miqyasında tanınmış aktyorların bu teatrın yaradıcı heyətində fəaliyyət göstərməsini və teatrın məhz Suraxanı rayon ərazisində yerləşməsini mühum hadisə kimi qiymətləndirib. Şöbə müdiri teatrın kollektivini 20 illik yubiley münasibətilə təbrik edib.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək bildirib ki, Suraxanı rayonunda Bakı Uşaq və Gənclər Teatrının fəaliyyət göstərməsi rayonun ictimai və mədəni mühitinin inkişafında, mühim rol oynayır.

Bakı Uşaq və Gənclər Teatrının fəaliyyətinin 20 illik yubileyi ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov “Təşəkkürnamə” ilə təltif olunublar. Həmçinin Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev “Teatrın dostu” nominasiyası üzrə təltif olunublar.

Sonda teatrın əməkdaşlarına “Fəxri Fərman”lar və “Təşəkkürnamə”lər təqdim olunub.

Baxış sayı: 384