XƏBƏRLƏR
MƏLUMAT
Sergey Jitomirskinin “Sirakuzlu alim” romanı Azərbaycan dilində işıq üzü görüb
ÜMÜMİ XƏBƏRLƏR
12/07/2024 11:26

Tanınmış rus yazıçısı Sergey Jitomirskinin tarixi mövzuda yazdığı “Sirakuzlu alim” romanı nəşr olunub.

AZƏRTAC xəbər verir ki, qədim yunan mütəfəkkiri Arximedin həyat yolundan bəhs edən romanı Azərbaycan türkcəsinə yazıçı Vaqif Sultanlı çevirib.

İlk dəfə 1982-ci ilə işıq üzü görən “Sirakuzlu alim” romanı Azərbaycan oxucularına ilk dəfə ötən əsrin səksəninci illərinin sonlarında təqdim edilib. “Kritika” yayım evinin illər sonra romanı təkrar nəşr etməsi əsərin mövzu-problem baxımından aktuallığından qaynaqlanır.

Kitabda alimin riyaziyyat və fizika sahəsində qazandığı elmi uğurlar bədii səpkidə canlandırılıb. Romanın mühüm özəlliklərindən biri burada yalnız baş qəhrəman kimi seçilmiş Arximedin həyat yolunun deyil, bütövlükdə antik dövrün əfsanə örtüyünə bürünmüş tarixi mənzərəsinin yaradılmasıdır.

Əsərlərini daha çox sənədli-bioqrafik və elmi-fantastik üslubda yazmış Sergey Jitomirskinin (1929-2004) “Yaradılmış maşınlar” (1977), “Monqolustan və Tibet tədqiqatçısı P.K.Kozlov” (1989), “Lənətlənmiş Atlantida” (1992), “Qədim astronomiya və orfizm”, “Epikur” (2001), “Romul və Rem” (2003), “Misir hökmdarı” (2005) kimi roman və povestləri geniş oxucu kütləsinin marağını çəkmiş, ədəbi tənqid tərəfindən yüksək dəyərləndirilmiş və müxtəlif dillərə tərcümə edilmişdir.

Baxış sayı: 230