Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Breyn-rinq” intellektual oyunu üzrə bilik yarışı keçirilib
İyunun 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Qaradağ rayonu ərazisində yerləşən Hərbi Dəniz Qüvvələri və hərbi hissələrin əsgərləri arasında 26 iyun - Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu üzrə bilik yarışı keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov hərbi hissələrdən gəlmiş zabit və əsgərləri bayram münasibətilə təbrik edərək onlara hərbi hazırlıq işlərində uğurlar arzulayıb və hərb sənətinə həsr olunmuş oyunun məqsəd və vəzifələrini iştirakçıların nəzərinə çatdırıb.
Tədbirdə iştirak edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun məsul əməkdaşı S.Kazımov Qaradağ rayonu ərazisində yerləşən hərbi hissələrin şəhər yarışlarında göstərdiyi nəticlərdən danışaraq rayon rəhbərliyi ilə hərbi hissələr arasında olan sıx münasibətlərin nəticəsi kimi gənc hərbçilərin ictimai-siyasi həyatda da fəal iştirak etdiklərini diqqətə çatdırıb. Baş İdarənin əməkdaşı həmçinin tədbirlərin yüksək səviyyədə keçirilməsində yaradılan şəraitə və Ümummilli Lider Heydər Əliyev irsinin təbliğində göstərdiyi xidmətlərə görə Heydər Əliyev Mərkəzinin direktoru H.Xəlilovanı Baş İdarənin diplomu ilə təltif edib.
Münsiflər heyətinin sədri İ.Qasımov yarışın qayda və şərtlərini izah etdikdən sonra iki mərhələdən ibarət olimpiadaya start verilib. Azərbaycan və dünya hərb sənətini əhatə edən suallara verilən cavabların ümumi yekun nəticələrinə əsasən qaliblər müvafiq dərəcəli diplomlar, medallar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.