az
Bütün xəbərlər

Uşağa kitabı necə sevdirək

1-06-2017, 13:26
Uşağa kitabı necə sevdirək

Hələ körpəykən dinlədiyimiz ana laylası sonrakı illərdə şeirə, nağıla kitaba maraq göstərməyimizə birbaşa təsir edir. Məhz, o vaxtdan başlayaraq uşağa müxtəlif şeirlər, nağıllar öyrədərkən onlarda ibtidai mütaliəyə maraq yaratmaq olar. Hər gecə nağılla yatan uşaqlar daha sonralar dünyagörüşlü, hər şeyə maraq göstərən oxuculara çevrilə bilir. Bu fikirləri psixoloqlar da təsdiq edir. Onların sözlərinə görə, layla dövrü bitdikdən sonra uşaqlarda dinləmə vərdişlərini inkişaf etməyə başlayır. Artıq uşağın iki yaşı tamam olduqdan sonra onun nağılla, şeirə marağı yaranmağa başlayır. Nağıl danışmaq üçün ən uğurlu vaxt uşağın sakit olduğu və gecə yuxusundan əvvəlki saatdır.

Mütaliədə yaş fərqi

Uşaqda mütaliəyə maraq yaratmaq istəyən valideyn, onun yaş kriteriyasını mütləq nəzərə almalıdır. Belə ki, uşağa yaşının dərk edə biməyəcəyi və yaxud yaşından çox kiçik uşağın qavrayacağı nağılları, şeirləri və s. danışmaq olmaz. Əks təqdirdə uşağın dinləyəcəyi nağıla və s. marağı azalır və onda dinləmə vərdişləri formalaşa bilmir. Bu zaman uşağı hər hansı bir nağılı və s. dinləməyə məcbur etmək olmaz. Əks təqdirdə uşaqlar nağıl dinləməkdən qaçacaq.
Əgər uşaqda düzgün dinləmə vərdişlərini formalaşmasını istəyiriksə, ona 2 yaşından etibarən nağıl oxumaq kiçikhəcmli şeirləri öyrətmək lazımdır. Hər bir valideyn övladında dinləmə vərdişlərinin formalaşıb-formalaşmamasına xüsusi fikir verilməlidir. Valideynlər unutmamalıdır ki, bu qabiliyyətin formalaşmaması uşaqların gələcək psixi inkişafı üçün mənfi təsir göstərə bilər. Çünki uşaqların idrak fəaliyyətinin inkişafı üçün yəni duyğusunun, qavrayışının, yaddaşının, diqqət-hafizəsinin, həmçinin təfəkkür və təxəyyülünün inkişafı üçün nağıl dinləmə və oxuma çox önəmli rol oynayır.

Ekspertlər məsləhət görür ki, körpənin əyani olaraq kitabla ilk tanışlığı 1 yaşından başlayaraq mərhələlərlə aparılmalıdır. Bu zaman isə seçilən kitabın önəmi böyükdür. Qısa və az cümlələrdən ibarət olan, əlvan şəkilli və ən əsası dözümlü materialdan hazırlanmış kitablar seçilməlidir ki, körpə onları vərəqləyərkən cıra bilməsin. Elə kitab seçmək lazımdır ki, şəkilləri böyük və qabarıq səthli olsun. Çünki körpə əllərini səhifə üzərində gəzdirərkən şəkilləri hiss etməyi bacarmalıdır. Kiçik yaşlardan başlayaraq uşağa hədiyyə kimi rəngli, şəkilli jurnallar, kitabçalar almaq vacibdir. Uşağın gözü, beləcə, kitablara və oxumağa alışacaq.

Kitab seçimi və oxuma üsulu

Artıq nağıl dinləmək yaşı çatanda seçilən nağıl qədər, onun uşağa çatdırılma üsulu da vacibdir. Uşağınız neçə yaşda olursa-olsun, ona yüksək səslə kitab oxumaqdan çəkinməyin. Bunun, onu oxumağa həvəsləndirmək üçün ən yaxşı yollardan biri olduğunu unutmayın. Uşaqda danışılan şeirə, nağıla, mahnıya qulaq asmaq vərdişini öyrətmək lazımdır. Nağıl obrazlı şəkildə, personajların dili və xüsusi emosiya ilə oxunmalıdır. Heyvanların səsi ilə təqlid etmək, mimika, əl-qol hərəkətlərini göstərməklə onun diqqətini bir yerə yönləndirmək olar. Uşağa mahnı öyrədərkən, bayağı mahnılarda uzaq olmaq lazımdır. Çünki bu cür mahnılar uşağın musiqi zövqünü korlaya bilər.

Psixoloqlar uşağın ətraf aləm, canlı təbiətlə tanışlığı üçün onların tez-tez heyvanxanaya aparılmasını məsləhət görür. Həmçinin, ona nağıl danışarkən, heyvanların adını çəkəndə də onu heyvanxanada gördüyünü xatırlatmaq lazımdır.Bəzən valideynlər nağılı kitabdan oxumaqla, şifahi danışmaq arasında seçim zamanı tərəddüd edirlər. Lakin araşdırmalara görə, bu iki üsul arasında ciddi bir fərq yoxdur. Əsas odur ki, nağılı danışarkən obrazların danışıqlarını səsləndirsinlər.

Danışmağa başladığı ilk gündən uşağın söz ehtiyatını artırmağa çalışmaq lazımdır. Çünki mütəxəssislər danışmaqla oxumaq arasında çox ciddi bir əlaqə olduğunu bildirirlər. Oxunmuş mətnin nağıl edilməsi prosesində uşaqlar həmin əsərin ilkin qavranması prosesində keçirdikləri hissləri bir daha yaşayır, ona öz münasibətini bildirir. Ona görə də, uşağın oxuduqlarını, ya da eşitdiyi nağılı yenidən danışmasına imkan yaradın. Nağıletmə oxunmuş materialın məzmununun uşaqlar tərəfindən şüurlu mənimsənilməsini təmin edir. Belə ki uşaqlar nağıllar oxuyarkən nitqini daha da yaxşılaşdırır.

Mütəxəssislər hesab edir ki, artıq iki yaşından başlayaraq uşağın kitabxanası formalaşmalıdır. Bu kitabaxanada hər dəfə kitab sayı artdıqca uşağı təbrik edib mükafatlandırmağı da unutmamaq lazımdır. Bu diqqət uşaqda kitaba marağı artıracaq və onda oxumağa həvəs yaradacaq. Uşağı oxumağa həvəsləndirən səbəblərdən biri də kitab seçimidir. Ona görə də uşağa kitab hədiyyə edərkən onun rəngli və ya səsli olmasına diqqət edilməlidir. Kitabın tərtibatı qədər uşağın yaşına uyğun olması da vacib şərtdir. Valideynlər bilməlidir ki, yaş dövrünə uyğun olmayan kitab uşaq üçün maraqsız olacaq.

Məsələn, 4-6 yaşlı uşaqlar daha çox sehrli nağılları dinləməyi sevirlər. Hətta uşaqlara bir neçə nağıl danışıb, sonra onların özlərinə də nağıl danışmağa həvəsləndirmək lazımdır. Bir neçə nağılı qarışdırıb bir nağıl danışmağa çalışan uşağın təfəkkürü daha tez inkişaf edər və onda yaradıcılıq qabiliyyətinin əmələ gəlməsinə şərait yaranar. İlk növbədə özünüzü kitab oxumağa "həvəsləndirməlisiniz". Çünki, sizin kitab oxumağa həvəsiniz olmasa, təbii ki, uşağınızın da kitaba həvəsi olmayacaq.

İnternetlə kitab arasında

Uşaqlarda dərsə və kitaba marağın olmaması müasir dövrün valideynlərini ən çox narahat edən məsələlərdəndir. Bunun əsas səbəbi də müasir texnologiyanın inkişafı telefon, kompüterləri həyatımızın ayrılmaz hissəsinə çevirilməsidir. Buna mane olmaq heç də asan deyil. Üstəlik, qadağa etməklə bu problem həll edə bilmərik. Sadəcə valideynlər uşağın yaş qrupuna görə neçə dəqiqə müasir texnologiya ilə vaxt keçirməli olduğunu müəyyən etməlidir.Bu məsələdə psixoloqların valideynlərə bəzi məsləhətləri də var. Məsələn: 2-3 yaş arası uşaq gündə 20 dəqiqə televizora baxmalıdır. Bu zaman uşağın baxdığı verilişlərə, cizgi filimlərinə əvvəlcədən nəzarət edilməli və sonra uşaqla birlikdə müzakirə edilməlidir. Günun digər vaxtını da kitabdan nağıllar oxumağa sərf etmək lazımdır. Lakin bu zaman uşağı həm günün tələblərindən uzaq saxlamaq da doğru deyil. Çünki uşaq həm də, zamanla ayaqlaşa bilməlidir.

Müasir texnologiyanın olduğu mühitdə uşağın kitaba marağının ölməməsi üçün imkan olduqca onu kitab mağazasına aparmaq, sevdiyi jurnal, rəngləmək üçün rəsm dəftəri almaq lazımdır. Onlara kitabları haradan və necə almağı öyrətməlisiniz. Hətta ödənişi belə onun etməsinə imkan yaradın ki, kitabın ona aid olduğunu mənimsəsin. Bu gün Azərbaycan nağılları səsli şəkildə, eləcə də görüntülərlə internetdə, müxtəlif fayl yükləmə sistemlərində mövcuddur. Nağıl bilməyən analar bu üsulla da uşaqlara nağılı sevdirə bilərlər.

Hazırladı:Sabunçu rayon MKS-nin uşaq şöbəsinin baş kitabxanaçısı Ruhəngiz Hümbətova
Oxunma sayı : 845