az
Bütün xəbərlər

Qarabağ ədəbiyyatı

21-08-2014, 16:55
Azərbaycan bədii xalq yaradıcılığının ən mühüm qollarından birini də Qarabağ folkloru təşkil edir.

I minillikdə Qarabağ ərazisində Gəncə, Bərdə, Şəmkir, Beyləqan, Qarabağ kimi böyük şəhərlərin olmasının nəzərə alsaq, onda bu şəhər mədəniyyəti və ədəbiyyatının möhtəşəmliyi və qədimliyi təsəvvürə gəlir. Azərbaycanın hər yerində olduğu kimi, Qarabağ ərazisində də ilk ədəbi nümunələri el şairləri yaratmış və bu öz əksini folklorda tapmışdır.

Azərbaycan türk-oğuz folklorunun elə janrları var ki, sırf şəkildə Qarabağ regionu ilə bağlıdır. Qorqudºünaslar "Dədə Qorqud" dastanına diqqət yetirdikdə açıq-aydın görünür ki, boylardakı hadisələrin əksər hissələri Qarabağ ərazisində baş vermiş və dastanda adı çəkilən yer adlarının - toponimlərin bir qismi tarixən də, indinin özündə də, Qarabağda olmuşdur. Tədqiqatlar sübut edir ki, Dədə Qorqud yaradıcı şəxsiyyətinin Qarabağ ərazisi ilə sıx əlaqəsi olmuşdur.

Qarabağ folklorunda şifahi xalq yaradıcılığının bütün janrları öz əksini tapmış, bir-biri ilə üzvü surətdə əlaqəli olaraq nəsildən-nəslə keçmiş, əksəriyyəti günümüzə kimi gəlib-çatmışdır. İstər şifahi söz yaradıcılığının kiçik janrlar, istərsə də epik və lirik üslubda yaradılmış nümunələr regionun coğrafi mənzərəsini, təbiətini, orada yaşamış əcdadların ilkin həyat və məişətini, inam və etiqadlarını, adət-ənənələrini əks etdirir.

Digər etnoslar kimi, Qarabağın köklü əhalisi də bütün tarixi dövr ərzində həyatında baş vermiş mühüm hadisələrə düzüb-qoşduğu əfsanə və rəvayət və nağıllar vasitəsilə münasibət bildirmişdir. Onların mövzu və məzmunu əsasən Tanrı, insan və kainatın sirli sonsuzluğu, varlığın törənişi, yaxşılıqla pisliyin, xeyirlə şərin münasibəti və mübarizəsi ilə bağlıdır ki, bütün bu motivlər də yerli milli özünəməxsusluğun ifadəsinə gətirib çıxarır.

Folklor araşdırıcıları Qarabağ şifahi ədəbi ənənələrinin lətifə, gülməcə, elatdodaqqaçdı yaradıcılığı ilə də zəngin olduğunu, yüksək zövqə, zəngin söz ehtiyatına malik qarabağlıların zərif yumordan, kəsərli satiradan yerli-yerində istifadə etmək məharəti qazandıqlarını bildirirlər. Hələ XVIII əsrdə M.V.Vidadi dostu M.P.Vaqiflə saz-söz deyişməsində göstərirdi ki, Qarabağın eli-obası məclislərində xoş oxunan, həzin və dərin mənası ilə ox kimi bağrı dələn bayatılarla nəfəs alır.

Qarabağda şifahi söz sənətini aşıq yaradıcılığından kənarda təsəvvür etmək mümkün deyil. Aşıq yaradıcılığı ümumiyyətlə, Azərbaycan folklorunda «əlahiddə» hadisədir və o, folklor yaradıcılığının tərkibində olmaqla bərabər, folklorun informasiya yükünün xeyli hissəsini öz çiyinlərində daşıyır. Xüsusən də, dastançılıq ənənələrinin davam etdirilməsində aşıq yaradıcılığı əvəzsiz rol oynayır. Belə sıx bağlılıq və uyarlıq Azərbaycanın qədim torpaqlarmdan olan Qarabağm folklor mühitində də özünü göstərməkdədir: Qarabağ tarixən ozan-qopuz, daha sonralar isə aşıq-saz diyarı kimi də tanınmışdır.

Qarabağ aşıq məktəbinin ən böyük ustadlarından biri də Aşıq Pəri olmuşdur. Firidun bəy Köçərli onun bilikli, gözəl bir xanım olduğunu yazırdı. Aşıq məclislərində böyük hörmətə sahib olub. Şairlər onun gözəlliyini öz şeirlərində vəsf etmişlər.

Qarabağda yetişən aşıq-ozanlardan biri də Aşıq Valeh Gülablıdır. Onun yenilməz bir saz və söz ustadı kimi deyiş meydanlarında dəfələrlə sınanaraq qalib olduğu təsdiqlənmişdir. Buna misal "Valeh və Zərnigar" dastanı və onun qocalıq vaxtı İranda rəqibini bağlamasıdır.

XIII əsrdən etibarən, Azərbaycanda əsasən ərəb və fars dillərində yaradılan Azərbaycan ədəbiyyatında doğma dildə yazan qarabağlı şair və sənətkarların sayının get-gedə artmağa başlamışdır.

Ümumiyyətlə, Azərbaycan-türk mədəniyyətində və əbədiyyatında bir sıra faktların ilkinliyi, ilk bünövrəsi məhz Qarabağ əbədi mühiti ilə bağlıdır.

Qarabağ ədəbiyyatının yaşı çox qədimlərə gedib çıxsa da, hələlik elmə məlum olan ilk qarabağlı şairin adı VII əsrdə yaşayıb-yaratmış Davdağın adıdır. Onun bu günə gəlib çatan yeganə şeri Alban çarı Cavanşirin erməni keşişlərinin fitvası ilə qətlinə yazdığı və bizə tərcümədə gəlib çatmış ağı janrında kamil şeir mətnidir. Şeirin məzmunu və üslubu onun Cavanşir kimi bir sərkərdəyə, hökmdara ağı, şer həsr etməsi sübut edir ki, Davdağ dövrünün qüdrətli, tanınmış söz sənətkarı olmuşdur.

X əsrdə yaşayıb-yaratmış, ərəb dilli Azərbaycan ədəbiyyatının yaradıcılıarından olmuş Əbu Bəkir Əhraəd əl-Bərdəi, Məkki ibn Əhməd Bərdəi, Xətib Bağdadi Məhəmməd Əl-Bərdəi, Əhməd ibn əl-Hüseyn Əbu Səid əl Bərdəi, Əbu Əli əl-Bərdəi, Səid ibn əl-Qasim əl Bərdəi, Əbu Səd ibn Yəhya əl-Bərdəi təkcə Azərbaycanda deyil, bütün islam dünyasında məşhur alimlərdən və dövrünün filosof şairlərindən olmuşlar. Hələ bu təkcə X əsrin məlum faktlarındandır. XII əsr Azərbaycan poeziyasının ən qüdrətli simalarından biri qarabağlı Mücirəddin Beyləqani olmuşdur və Xosrov Dəhləvi onun sənətkarlığını Xaqani Şirvaninin sənətkarlığından üstün tutmuşdur. Zəld ibn Hüseyn ibn Ömər Beyləqani də Mücirəddinin müasiri olmuş, fəqih filosof olaraq yüksək elmi səviyyəyə çatmış, Dəməşqə getmiş, orada bədii fikrin, fəlsəfı elmin aparıcısı kimi məşhur olmuş, bir sıra yüksək səviyyəli bədii əsərlər yaratmışdır.

Qarabağ əbədi mühiti həmişə Azərbaycan mədəniyyətinin və ədəbiyyatının ən zəngin səhifələrindən olmuşdur.

XVI əsrdə yaşayıb-yaratmış, Şah İsmayıl Xətayinin yaxını olan Aşıq Qurbani, XVIII əsrdə Mirmöhsün Ləmbərani Asəf, Aşıq Əli, Aşıq Valeh, Ziyadi Qarabaği və Molla Pənah Vaqifın adları tam təsəvvür yaratmaq üçün kifayətdir.

XVIII əsrdə yaşamış Ağa Bəyim ağa Tuti Şərqdə ən müdrik qadın kimi məşhurlaşdı və İran şahı Fətəli şah dövründə şahlıq diplomatiyasınm ən fəal istiqamətverici şəxslərindən oldu. Ağa Bəyim ağa həm də məşhur bayatılar müəllifi kimi də məşhurlaşmışdır.

Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir.

Şuşada fəaliyyət göstərən "Məclisi-üns" poetik məclisinə Xurşidbanu Natəvan, "Məclisi-fəramuşan"a ("Unudulmuşlar məclisi") isə Mirzə Möhsün Nəvvab başçılıq edirdi. Poetik məclislər arasında sıx əlaqə mövcud idi və şairlər bir-biri ilə yazışırdılar. Bütövlükdə XIX yüzilliyin ədəbiyyatı, Qarabağ ədəbi məktəbinin yeni yüksək mərhələsi sayılan XX yüzilliyin ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır.

M.F.Axundzadə ənənələrinin davamı ilə inkişaf edən maarifçi dramaturgiya Nəcəf bəy Vəzirovun (1854-1926) hələ XIX əsrin sonlarında qələmə aldığı komediyalar və "Müsibəti-Fəxrəddin" (1894) faciəsi, Əbdürrəhimbəy Haqverdiyevin (1870-1933) komediyaları və "Dağılan tifaq", "Bəxtsiz cavan" (1900), "Ağa Məhəmməd şah Qacar" (1907) faciələri ilə Azərbaycan ədəbiyyatı daha da zənginləşdi.

baku-art.az
Oxunma sayı : 1078